“Qərb Azərbaycanı Rusiyaya sata bilməz” - Zərdüşt Əlizadə - ŞƏRH
"Çünki Azərbaycan BMT-nin beynəlxalq qanunvericiliyilə təsdiq edilmiş və quruma üzv olan müstəqil dövlətdir”
12 Noyabr 2013 15:12 SiyasətAzərbaycan mətbuatında Qərbin Azərbaycanın Rusiyanın caynağına keçməsinə razılıq verdiyi barədə məlumatlar yayılıb. İnformasiyada bildirilir ki, Azərbaycan ABŞ, Rusiya və Qərbin təzyiqlərilə üz-üzə dayanıb. Rusiyanın yürütdüyü siyasət Azərbaycana təzyiq kimi qiymətləndirilir: "Rusiyanın Azərbaycana təzyiqlərini bu ölkəni onun patronajlığı altında yaradılması nəzərdə tutulan Gömrük və Avrasiya ittifaqlarına cəlb etmək məqsədi daşıdığı artıq hər kəsə aydındır. Moskva bu mərhələdə Azərbaycanın Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Aİ ilə əməkdaşlığı genişləndirməsini, sonradan bu qurumla assosiativ üzvlük sazişi imzalamasına və Aİ-yə qoşulmağa yol aça biləcəyini düşünür. Bu halda isə Azərbaycan xeyli dərəcədə Rusiyanın təsir dairəsindən çıxa bilər, bu isə Moskvanın planlarına aid deyil. Buna görə də Kreml nə yolla olursa-olsun, Azərbaycanı Gömrük və Avrasiya ittifaqlarına cəlb etməyə çalışır. Rusiyanın bu planından Avropa ölkələri və ABŞ da xəbərdardır. ABŞ bu layihənin qəti əleyhinə olsa da, AB-nin Azərbaycanı özünə yaxınlaşdırmaq istəyi ilə yanaşı, başqa planları da var və çox mötəbər mənbələrdən "Yeni Müsavat"a daxil olan məlumatlara görə, bu qurumda əsas söz sahibi olan Avropanın Almaniya, Fransa kimi böyük ölkələrinin əsas marağı heç də hansısa kiçik ölkələri nə yolla olursa-olsun, AB sıralarına qatmaqdan ibarət deyil. Onların əsas istəyi öz maraqlarının MDB məkanında, xüsusən də Qafqazda təmin olunmasıdı. Buna görə də maraqlarının bu regionda təmin olunması halında Azərbaycan kimi ölkələrin Rusiyanın əsas rol oynadığı birliklərdə təmsil olunmasına o qədər də mənfi yanaşmırlar. Amma bir şərtlə ki, Rusiya onların MDB məkanındakı maraqlarına qarşı çıxmasın və Rusiyanın ətrafında olacaq ölkələrə öz istəklərini Moskva vasitəsilə qəbul etdirəcəklərinə təminat verilsin". Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə belə hesab edir ki, Azərbaycanı hər hansı bir dövlətin tərkibinə keçməsi mümkün deyil: "Çünki Azərbaycan BMT-nin beynəlxalq qanunvericiliyilə təsdiq edilmiş və quruma üzv olan müstəqil dövlətdir. Bu ölkənin xalqı və hakim zümrəsi var, onları heç kəs "dükan"a qoyub sata bilməz. Məsələn, Ermənistan beynəlxalq qanunvericiliyi pozaraq Azərbaycan torpaqlarını işğal edib. Bu işdə ermənilərin əsas köməkçisi Rusiyadır. Ona görə də Ermənistanın Rusiyadan asılılığı var. Azərbaycan varlı ölkədir, bu ölkənin xarici dövlətlərdən asılılığı yoxdur, Ermənistan isə yoxsul dövlətdir, xarici ölkələrdən asılılığı mütləqdir. Azərbaycan hakimiyyəti Rusiya və Qərb arasında balans yaratmağa çalışır və buna nail olur. Azərbaycan Rusiyadan silah alır, Qərblə enerji diplomatiyası yürüdür. Buna görə heç kəs deyə bilməz ki, Qərb Azərbaycanı Rusiyaya satıb. Sadəcə olaraq bu gün Rusiya Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycanı təsir dairəsində saxlamağa çalışır. Qərb isə ümumi mövqeyini nəzərə alaraq Azərbaycanı təsir dairəsindən uzaqlaşdırmayacaq. Məsələ barədə mətbuatda yayılan məlumatlar sadəcə olaraq sensassiya yaratmağa yönəlmiş addımdır, heç bir həqiqəti əks etdirmir. Birinci növbədə həqiqətən doğru olsaydı, istinad olunan mənbənin adı dəqiq çəkilməli və bununla bağlı rəsmi sənədə yayımlanmalıdır".
****
Rusiya, Qərb və İsrail mediasında ABŞ-ın son zamanlarda geosiyasi arenada passivlik nümayiş etdirməsi barədə informasiyalar yayılmağa başlayıb. Hətta bəzi ekspertlər tərəfindən müəyyən gedişlərlə Ağ Ev rəhbəri Barak Obamanın İran siyasətini arxa plana keçirmək niyyətində olduğu iddiası irəli sürüldü. Suriya və Misirdə baş verən son məlum hadisələrdə artıq ABŞ-ın adı keçərli sayılmır. Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Zəriflə yalnız "5+1" formatında Tehranla nüvə proqramına dair müzakirələrilə Amerikanın geosiyasi arenadakı səthi mövqeyini nümayiş etdirir. Vaşinqton artıq ABŞ-ın passivləşməsindən sonra fəallaşan Rusiyaya da o qədər sərt təpki göstərmir. Lakin Zərdüşt Əlizadə ABŞ-la bağlı irəli sürülən iddiaları məqbul hesab etmir: "Siyasətdə passiv mövqe deyilən birləşmə yoxdur. Amerika qlobal dövlətdir, dünyada baş verən siyasi proseslərin böyük əksəriyyəti Vaşinqtonun iradəsinə tabedir, 87 ölkədə 165 hərbi bazası var. Pentaqon qüvvələri İraq, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan, Yəmən, Pakistan, Misir, Tunis, Mərakeş kimi dövlətləri nəzarəti altında saxlayır. Ədən körfəzi, Aralıq dənizi və Hind okeanında ən güclü hərbi donanmalar ABŞ-a məxsusdur. Ölkələrin bir çoxu ABŞ-ın yürütdüyü siyasətlə hesablaşırlar və bu passiv siyasət ola bilməz".
*****
Ermənistan hələ də Qərb və Rusiya arasında sıxılmış vəziyyətdə qalır. Prezident Serj Sərkisyanın açıq şəkildə Ermənistanın Gömrük Biriliyinə qoşulacağına dair Moskvaya verdiyi müsbət cavab yerli cəmiyyət tərəfindən narazılıqla qarşılandı. Erməni müxalifəti Sərkisyanın ölkəsini Rusiyanın vassal asılılığına keçməsi üçün Kreml qarşısında boyun əyməsinə görə hakimiyyətə ölkə daxilində ciddi inqilab xəbərdarlığını verdi. "Aykakan Jamanak" qəzetinə müsahibə verən müxalifət lideri Azat Arşakyan da bildirib ki, Rusiya bu ölkədə öz imperiyasını yenidən qursa, Ermənistanda tətillər, aclıq xofu özünün ən pik həddinə çatacaq və 80-cı illərin SSRİ-də olduğu kimi Moskvanın "yenidənqurma" xaousu yenidən təkrarlanacaq. Sabiq dövlət müşaviri Qarnik İsaqulyan da bildirib ki, Rusiya Gömrük Birliyinə qoşulacağı təqdirdə ölkəsinin məhvi və geniş inqilab dalğası qaçılmaz olacaq. Lakin Zərdüşt Əlizadə hesab edir ki, erməni ekspertlərinin heç nədən başı çıxmır: "Dağlıq Qarabağ münaqişəsinə qoşulmaqla Ermənistan özünü qəfəsə saldı. O qəfəsin içərisində oturan xalq azad seçim edə bilməz. Rusiyanın təkidilə qoşunlarını Qarabağ yeridən Ermənistan bilməli idi ki, ermənilər istəməsələr də Kremlin bütün tələblərini həyata keçirəcəklər. Ermənistan özü-özünü rus qəfəsinə salıb. Vladimir Putin Serj Sərkisyanı sentyabrda Moskvaya çağıranda, rus prezident erməni həmkarına belə deyib: "Azərbaycan məndən icazə istəyir ki, səni vursun. Mən də fikirləşirəm ki: "İcazə verim yoxsa ki, verməyim?!". Sərkisyan da cavab verib ki: "Vladimir can, mən sənin müttəfiqinəm, forpostunam, axı sən nəyə görə, Azərbaycana bu icazəni verirsən?". Putin ona deyib ki: "Əgər sən Rusiyanın forpostu, müttəfiqi olduğunu bilirsənsə, nəyə görə Avropa İttifaqına qoşulmaq üçün Qərbə söz verirsən? Mən də fikirləşirəm ki, ruslara qarşı belə xəyanət elədiyi təqdirdə Ermənistanı qorumağa dəyməz. Sən bilirsən ki, mən Gömrük İttifaqı yaratmışam, bəs niyə ora gedirsən?". Hər şeyin əleyhinə işlədiyini görən Sərkisyan Avropa İttifaqından imtina etdi və Gömrük Birliyinə qoşulmağa razı oldu. Bununla da məsələ bitdi, yəni Ermənistanın bu gün azad seçim etmək hüququ yoxdur, çünki bu dövlət müstəqil deyil, boyunduruq altındadır".
Ömər Zamin