“Ruhani hakimiyyətə gəlmək üçün azərbaycanlıları aldatdı” - Elçin Hatəmi

“İranda hakimiyyət tərəfindən ən çox ayrı-seçkiliyə və ədalətsiz qərarlara məruz qalan millət azərbaycanlılardır”

Türkiyədə yaşayan güneyli milli fəal Elçin Hatəmi İranda azərbaycanlılara qarşı aparılan iqrçilik siyasətinə münasibət bildirərkən qeyd edib ki, bu ölkədə keçirilən bütün prezident seçkilərində namizədlər əvvəlcədən xalqa müxtəlif vədlər verirlər. Vətəndaşlara qarşı olan məhdudiyyətlər və müəyyən çatışmamazlıqların aradan qaldırılması eyni qəbildən olan vədlərdir. E.Hatəmi hesab edir ki, bunların hamısı yalan və xalqın səsini aldadıb əlindən almaqdır, Həsən Ruhani də eyni ssenaridən istifadə edib. Milli fəal bildirdi ki, Ruhani Azərbaycan türkcəsinin məktəblərdə tədrisinə, İran hakimiyyəti tərəfindən qurudulan Urmiya gölünün 100 gün içərisində bərpasına söz verdi. Aradan 95 gün keçməsinə baxmayaraq Urmiya problemi və digər məsələlər barədə heç bir yeniliklər nəzərə çarpmır. Azərbaycanlı fəallara qarşı təhlükənin aradan qaldırılmadığını və məhkəmə orqanları tərəfindən təzyiqlərin hələ də radikal şəkildə davam etdirildiyini deyən Elçin Hatəminin sözlərinə görə, həbs edilən milli fəallara həbsxanalarda işgəncələr verilir, ömürlük həbs və edam cəzalarına məhkum edilirlər. Milli fəal onu da vurğuladı ki, İranda hakimiyyət tərəfindən ən çox ayrı-seçkiliyə və ədalətsiz qərarlara məruz qalan millət azərbaycanlılardır: "Ruhaninin bütün bunları aradan qaldırmaq üçün səlahiyyəti yoxdur. Prezident də digər hüquq-mühafizə orqanlarının və digər qurumların qərarlarına müsbət yanaşır. İndiyədək Ruhani dini qurumlar tərəfindən azərbaycanlılara qarşı aparılan haqsız siyasətə qarşı bir münasibət belə bildirməyib. Ruhani prezident kürsüsünə əyləşdikdən sonra İranda 350 nəfər edam edilib. Öldürülənlərin müəyyən hissəsini azərbaycanlılar təşkil edir. Edam mərasimləri Azərbaycanın müxtəlif şəhərlərində - Ərdəbil, Urmiya və Təbrizdə həyata keçirilib. Hökumət həmin edamların əsas dəstəkçilərindən biridir.İran Konstitusiyası dini qurumların əlindədir, məsələ barədə bütün səlahiyyətlər həmin qurumların öhdəliyindədir. Mahmud Əhmədinejadı da dini idarələr passiv mövqeyə gətirdi. Həsən Ruhani də həmin aqibəti yaşamaq istəmədiyi üçün verilən bütün qərarlarla razılaşır. İranda kimin prezident olmasından asılı olmayaraq, əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türklərinə qarşı münasibəti dəyişməyəcək. Çünki İranda qəbul edilən qərarların hamısı farsların lehinə işləyir. İranda rejim kökündən dəyişsə bu ölkədə demokratiya və insan haqları bərqərar olacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00