“ABŞ İran məsələsini müvəqqəti olaraq təxirə salıb” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Vaşinqton əks qütblər qarşısında vaxt udmağa çalışır”

"ABŞ-ın İran siyasətində baş verən dəyişiklik regionda baş verən proseslərlə bağlıdır. Vaşinqton Yaxın Şərqdəki mövqeyini itirib. Rəsmi Tehranın Suriya məsələsində dirəniş göstərməsi İran probleminin qısa müddətə olsa da Ağ Evin gündəmindən çıxarılmasına səbəb oldu. Bu o demək deyil ki, İranın yürütdüyü siyasət ABŞ və Qərbi narahat edir" - BAXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli ABŞ-ın İran problemini gündəmdən çıxarması barədə yayılan məlumatlara münasibət bildirərkən belə deyib. E.Mirzəbəyli hesab edir ki, müttəfiqlərin Yaxın Şərq siyasətində ciddi dəyişikliklər baş verir. Məsələn, Almaniya və Fransanın İranla bağlı mövqeyi ABŞ-dan fərqlənir: "Dövlətlər arasında ciddi fikirayrılığı var. Bu da Vaşinqtonun geosiyasi maraqlarına təsir edir". BAXCP rəsmisi qeyd edib ki, regionda yaranmış mövcud situasiya ABŞ-ın daxili problemlərilə bağlıdır. Ölkənin kifayət qədər büdcə kəsiri var, Amerika iqtisadiyyatının ciddi problemləri var. E.Mirzəbəyli hesab edir ki, Ağ Ev xarici siyasətinə də böyük vəsaitlər ayıra bilmir, müttəfiqlərinə də maliyyə dəstəyini qismən də olsa azaldıb. Bütün bunlar Vaşinqtonun geosiyasi maraqlarına təsir edir; "Ağ Evin Yaxın Şərqdə yürütdüyü siyasət faktiki olaraq iflasa uğrayıb. Əldə olunan nəticələr ABŞ-ın xeyrinə deyil. Əks qütbdə dayanan qüvvələr dirəniş göstərməkdə davam edirlər. Görünür ki, ABŞ müəyyən müddətə "taym aut" götürmək niyyətindədir. Vaşinqton vaxt udmaq məsələsini gündəmə gətirir". Respublikaçıların dövründə Ağ Evin xarici siyasətinin şlaklar üzərində quruldu və effektiv nəticə vermədiyini deyən E.Mirzəbəyli vurğulayıb ki, Barak Obama isə ABŞ-ın geosiyasi planlarını iqtisadi yollarla həyata keçirməyə çalışır. "Demokratik yollar"la Ərəb dünyasındakı vəziyyəti xeyrinə dəyişməyə cəhd göstərdi: "Bu da ABŞ üçün heç bir pozitiv nəticə hasil etmədi. Çünki həmin dövlətlərin cəmiyyətləri bu cür dəyişikliklərə hazır deyildilər. Ortaya tamam fərqli nüansların çıxmasına zəmin yaratdı, proseslər əks istiqamətə inkişaf etməyə başladı. ABŞ belə bir vəziyyətdə regiondakı geosiyasi maraqlarını təmin etmək üçün bəzi gedişləri təxirə salır. Hesab edirəm ki, 3, ya da ki, 5 ilə həm İran, həm də ki, Yaxın Şərq siyasətinə yenidən qayıdacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00