Casus yuvası, yoxsa yalançı “sülh göyərçinləri”?

Sözdə yazıq, acınacaqlı duruma düşən ölkə təəssüratı yaradan, əməldə qisas, işğalcılıq siyasəti  sərgiləyən Ermənistan havadar axtarışlarını davam etdirir. Hindistandan tutmuş  Avropa İttifaqı, Fransa, ABŞ-a qədər geniş coğrafiyada haça-paça qalan İrəvan hazırda meylini Fransaya salıb. Hələ sadalamadığımız çoxsaylı dövlətlərin əlində maşa olan  Ermənistan indinin özündə də boynunun çatısının kiminsə əlində olması fikrindən vaz keçməyib. Fürsətdən maksimum yararlanmağa çalışan dövlətlər isə bu istəkdən məharətlə istifadə etmək niyyətindədirlər. Bir müddət öncə regionda daha çox pay sahibi olmaq iddiasına düşən İran Qafanda konsulluq açmaq niyyətini bəyan etdi. Siyasi ekspertlər İranın Qafanda konsulluq açmaq qərarını daha çox müharibədən sonrakı yeni reallıqlar, xüsusən də Zəngəzur ətrafında yaranmış yeni vəziyyət kontekstində qiymətləndirdilər. Etiraf edilməlidir ki, hətta Ermənistanda İranın qərarına "Tehran Zəngəzurla bağlı yanaşmalarını bir daha təsdiqləyir" kimi baxırdılar. Tehran dəfələrlə regional dövlətlərin sərhədlərinin toxunulmazlığını bəyan edib, onun qırmızı xətlərinin olduğunu elan edib. Bu bəyanatlar Ermənistanda çox vaxt  Zəngəzurun "özünü müdafiə etmək" istəyinin ifadəsi kimi qəbul edilib. İranın Qafanda konsulluq açmaq qərarının tonu və məntiqi də buna hesablanıb.  
Amma praktikada İranın bununla bağlı qərarlarına "Zəngəzurun müdafiəsi" kimi yox, Zəngəzur ətrafında İranın maraqlarını müdafiə edən qərarlar kimi baxmaq düzgün olardı. Bu maraqlar, təbii ki, təkcə təhlükəsizlik və ya siyasi deyil, həm də iqtisadi maraqlardır. Bu baxımdan İranın Qafanda konsulluq açmaq faktı ilk növbədə Tehranın burada gündəlik olaraq hadisələrin ani inkişafından xəbərdar olmaq üçün daimi qanuni mövcudluğu demək idi. Çünki  İrəvandakı diplomatik nümayəndəlikdən Zəngəzura müntəzəm ezamiyyətlər əlavə texniki problem yarada bilərdi. Tehran üçün Qafandakı konsulluq, regional kanalların blokadadan çıxarılması prosesi çərçivəsində həm daha yüksək səviyyəli dərhal məlumatlılıq, həm də yeni vəziyyət yarandıqda texniki "operativlik" üçün istənilən nəticəyə hazırlıq baxımından önəmlidir. Qeyd edək ki, Qafan şəhəri  Azərbaycan sərhədindən bir neçə yüz metr aralıqda yerləşir. Nəzərə alaq ki, 
İran tərəfi Ermənistanın Zəngəzur bölgəsində bütün sahələrə maraq göstərir. Tehran Qafan şəhərində konsulluq açmaqla yanaşı, həm də iqtisadi mövcudluğunu yaratmağa çalışır.

Nəhayət, 
2022-ci ilin oktyabrında İran Qafanda Baş konsulluq açdı. İranın bu addımı region dövlətləri də həvəsə gətirdi. Daha çox aktivlik nümayiş etdirən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlama verdi ki,  "biz may ayına qədər Baş Konsulluğun açılışının vaxtı ilə bağlı konkret razılaşmalar əldə edəcəyimizi gözləyirik". 
Birmənalı şəkildə qeyd edilməlidir ki, İran və Rusiyanın Qafanda konsulluq açmaq niyyətləri Zəngəzur dəhlizi, konkret olaraq dəhlizə nəzarəti ələ keçirmək istəyi ilə bağlıdır. Bu istək region sərhədlərini aşaraq  Avropa və ABŞ-a qədər maraqları təbə gətirdi. Dünyada və Cənubi Qafqazda gedən siyasi proseslərdən öz xeyrinə yararlanmağa çalışan Fransa da eyni addımı atmaq niyyətinə düşdü. Fransa xarici işlər naziri Jan-Noel Barro İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bəyan etdi ki, Fransa Gorusda (Qərbi Zəngəzur) konsulluq xidməti açacaq: "Bu, ölkələrimiz arasında çox mühüm əməkdaşlıqdır. Onun Sünikdə keçirilməsi həm də siyasi siqnaldır". Barronun sözlərinə görə, Fransa Ermənistan qarşısında uzunmüddətli öhdəliklər götürüb, bu münasibətlərin əsasını təşkil edəcək bir sıra sənədlər imzalanıb. Nəhayət cari il iyunun 2-də  Gorus meriyasına bitişik binada Fransanın fəxri konsulluğu açılıb. Fəxri konsul milliyyətcə erməni, həm də Gorus Frankofoniya Mərkəzinin direktoru olan Karmen Apuntsdur. Açılışda Fransanın Ermənistan Respublikasındakı səfiri, Ermənistan Respublikasının ərazi idarəsi naziri, xarici işlər nazirinin müavini, Sünik qubernatoru, Gorus şəhərinin meri, fransalı senatorlar və başqaları iştirak ediblər. Qeyd edək ki, fəxri konsul Aparatı Baş Konsulluqdan xeyli aşağı statusa malikdir və bir qayda olaraq siyasi funksiyalara və toxunulmazlığa malik deyil. Fəxri Konsulun İdarəsi əsasən humanitar və mədəni funksiyalara malikdir və bəzi hallarda konsulluq xidmətləri göstərə bilər. Bununla da Fransa Qərbi Zəngəzurda davam edən konsulluq yarışında Fransa İrandan sonra nəticə əldə edən ikinci ölkə oldu. Rusiya da Zəngəzurda konsulluq açmaqda maraqlı olduğunu dəfələrlə səsləndirsə də, hələlik Ermənistan rəhbərliyi buna imkan vermir.

Maraqlıdır,

Fransanın Qərbi Zəngəzurda konsulluq açması hansı məqsədlərə xidmət edir? Ermənistan tərəfi iddia edir ki, konsulluq "kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacaq". Bəs, Fransanın özünün Gorusda konsulluq açmaqda məqsədi nədən ibarətdir? Əvvala qeyd edək ki, sözügedən konsulluq kəşfiyyat yuvasından başqa bir şey deyil. Əslində eyni funksiyanı Avropa İttifaqı "binokl diplomatiyası"  şərti adı altında həyata keçirir. 
Ötən müddət göstərdi ki, Aİ-nin mülki missiyasının işi-gücü bölgədə suyu bulandırmaq, sülh sazişinin imzalanmasına maneə olmaqdır. Azərbaycanın razılığı olmadan, iki aylıq müddətə yaradılan, 40 nəfərdən ibarət "mülki missiya" hələ də Ermənistan-Azərbaycan sərhədlərində kəşfiyyat aparır. Belə bir şəraitdə Fransanın Qərbi Zəngəzurda konsulluq açması Parisin Cənubi Qafqazda möhkəmlənməsi istəyindən irəli gəlir. Başqa sözlə, Paris çalışır ki, Ermənistan vasitəsilə bölgədə nüfuz sahibi olsun, Zəngəzur dəhlizindən daha çox pay əldə etsin. Nəzərə almaq lazımdır ki, Gorusda bir dənə də olsa belə "damazlıq" fransızın yaşamadığı halda konsulluğun açılması şübhəsiz ki, iqtisadi maraqlara hesablanıb. Bununla yanaşı, Zəngəzur bölgəsində mövqelənən rəsmi Parisin Azərbaycana, İrana  və Rusiyaya qarşı casus fəaliyyəti istisna edilməməlidir. O da istisna deyil ki, konsulluq bu missiyanı Avropa İttifaqının bölgədəki müşahidə missiyası ilə koordinasiyalı şəkildə həyata keçirəcək. Fransa düşünür ki, əgər  Zəngəzur üzərindən bölgədəki mövqelərini möhkəmlədə bilməsə ən azından  regional kommunikasiya layihələrdə iştirak imkanı qazana bilər. Konsulluğun açılışında iştirak edən Fransanın İrəvandakı səfiri Olivye Dekotinin "Gorus Ermənistanın geosiyasətinin mərkəzindədir və həmişə mühüm yolayırıcı rolunu oynayıb, bundan sonra da belə olacaq" sözlərini təsadüf hesab etmək olmaz. Burada Qərbi Zəngəzur Cənubi Qafqazda kommunikasiyanın açılması fonunda  bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir hissəsi olduğu amili nəzərə alınmalıdır. Məhz bu kimi amillər Fransanın Cənubi Qafqaza, xüsusən Qərbi Zəngəzura marağını artırır. Şübhəsiz ki, atılan bu addım  Azərbaycanın maraqlarına uyğun deyil, Nəzərə alsaq ki, Gorus Azərbaycanla sərhədə yaxın ərazidə yerləşir, bu zaman Fransanın Ermənistanla əlbir olub təxribatlar törədəcəyi istisna edilmir. Fakt ondan ibarətdir ki, 2024-cü ildən Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli diplomatik danışıqlar, normallaşma istiqamətində atılan addımlar, qarşılıqlı anlaşma, sülh şəraitində sərhədlərin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi bölgədə dayanıqlı sülhə zəmin yaradıb. Məkrli üçüncü qüvvələrin "sülh göyərçinləri" isə prosesə ciddi zərbə vurur.  

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31