Azərbaycanlıların doğma torpaqlarına qayıdışı – sülh və ədalətin açarı- ÖZƏL

Prezident İlham Əliyev Qərbi azərbaycanlıların torpaqlarına qayıdışının insan hüquqları və sülh üçün vacib olduğunu bildirib. O, Ermənistanın etnik təmizləmə siyasətini pisləyərək, bu məsələnin Azərbaycanın gündəmində qalacağını vurğulayıb.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Azərbaycanın məqsədi doğma torpaqlara qayıdışıdır:

"Ankarada keçirilən  tədbirlər, əlbəttə, çox vacib, beynəlxalq əhəmiyyətli tədbirlərdir və bu bir faktdır ki, bu kimi təşəbbüslərimizə getdikcə daha böyük diqqət yaranır. Sözsüz ki, bu məsələ siyasi müstəvidə müzakirə olunur, onun nəzəri və praktiki tərəfləri var.
Ancaq yaddan çıxarmamalıyıq ki, bu məsələnin kökündə humanitar tələblər, insanların hüquqları dayanır. Əlbəttə ki, biz bu həqiqətləri beynəlxalq birliyə də təqdim etməliyik. Çünki Azərbaycan torpaqları, həqiqətən də, Qafqaz bölgəsinin böyük bir arealını əhatə edirdi. Ermənilərin bu ərazilərə köçürülməsi isə artıq bəzi xristian dairələrinin, mərkəzlərinin məkrli planlarından irəli gəlirdi ki, burada özlərinə məxsus platformalar əldə etsinlər, burada yaşayan xalqların daxili işlərinə qarışsınlar və onların siyasətinə nüfuz etsinlər.
Əlbəttə ki, burada Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Ümumiyyətlə, Azərbaycan xalqının belə bir "xəstəliyi" yoxdur. Bu xəstəlik yalnız və yalnız ermənilərə xasdır. Çünki onlar məhz bu məqsədlər üçün Qafqaz bölgəsinə köçürülüblər. Onlar daim beynəlxalq ictimai rəyə təsir göstərməyə çalışırlar. Bu təsirlər isə həmişə neqativ olur. Çünki onlar heç vaxt sözün düzünü demirlər, həqiqəti əks etdirmirlər. Onlar bütün dünyaya belə bir fikir çatdırmağa çalışırlar ki, guya Qərbi Azərbaycan İcması siyasi məsələlərlə məşğuldur. Bəli, ola bilsin ki, bu məsələlərin siyasi aspektləri də var. Amma o təşkilat ictimai təşkilatdır. QHT statusuna malikdir və heç vaxt siyasi tələb irəli sürə bilməz. Onun məqsədi ondan ibarətdir ki, hüquqları pozulmuş insanların humanitar haqları, haqlı tələbləri yerinə yetirilsin.
Onlar Ermənistanda yaşayarkən orada evlər tikmiş, torpaqları əkib-becərmək üçün yararlı vəziyyətə gətirmişdilər. Azərbaycan xalqının nümayəndələri Ermənistan Respublikasının tərkibində yaşayaraq, həmin ölkənin rifahına töhfələr vermiş, insanların qida təminatını öz üzərlərinə götürmüş və bu vəzifələrin öhdəsindən şərəflə gəlmişlər. Lakin bir günün içində dörd mərhələdən ibarət dalğavari bir proses baş verdi və ötən əsrdə azərbaycanlıları zaman-zaman oradan sıxışdırıb çıxardılar. Bu, sözün əsl mənasında vəhşi bir etnik təmizləmə idi və sonuncu dalğası 1986-87 və 1991-ci illərə təsadüf etdi.
Biz şahid olduq ki, ermənilər həqiqətən barbar metodologiyalardan və texnologiyalardan istifadə etdilər. Azərbaycanlılara cəmi 2-3 saat, bəzən 5 saat, ən yaxşı halda 10 saat vaxt verirdilər ki, torpaqlarını tərk etsinlər. 
Bu gün artıq görürük ki, Türkiyə kimi qardaş ölkə, Orta Asiyadakı digər qardaş ölkələr Azərbaycanın sözünü eşidir, həqiqətdən xəbərdardırlar və bütün dünyaya bu məsələlər barədə məlumat verir, çatdırırlar. Onlar göstərirlər ki, Azərbaycanın heç bir aqressiv niyyəti yoxdur. Azərbaycan vətəndaşları sivil bir şəkildə, qanuni əsaslarla öz doğma ocaqlarına qayıtmaq istəyirlər.
Bəzilərinin orada torpaqları, evləri, varidatları qalıb. Ermənilər o yerlərə yerləşmək istəsələr də, münasib davranış qaydalarını tətbiq edə bilməyiblər. Çünki onlar o torpaqlarda yad hesab olunurlar. Hətta azərbaycanlılar orada yaşadıqları dövrdə də bəzi qəribə proseslər baş verirdi. Bəzi ermənilər həqiqəti bilirdilər və deyirdilər ki, bu, bizim işimiz deyil, bu, radikal qrupların - əsasən Suriyadan, Livandan gələn ermənilərin oyunlarıdır və onlar xalqlar arasında nifaq salmağa çalışırlar.
Bəli, olub belə hallar ki, azərbaycanlıları gizlədiblər, onları xilas ediblər, yola çıxanda onlara yardım ediblər, pul, ərzaq veriblər. Bunlar hamısı baş verib. Amma əsas məsələ odur ki, bəzi siyasi dairələrin marağında xalqlar arasında nifrətin daim qalması dayanır. Bu nifrətin aradan qaldırılması üçün isə azərbaycanlılar mütləq Qərbi Azərbaycana qayıtmalıdırlar.
Onlar öz doğma yerlərində məskunlaşmalı, Ermənistan cəmiyyətinə inteqrasiya olunmalı və digər vətəndaşlar kimi orada fəaliyyət göstərməlidirlər. Eyni zamanda Ermənistan dövləti də bu vətəndaşları qəbul etməlidir. Prezident İlham Əliyevin də məqsədi məhz budur ki, azərbaycanlı soydaşlarımız öz torpaqlarına, ənənələrinə qayıtsınlar, oradan təcrid olunmasınlar. Belə olduğu halda mən düşünürəm ki, iki respublika, Bakı ilə İrəvan arasında etimad mühiti formalaşacaq və sülh, həqiqətən də, xalqlar üçün böyük bir töhfəyə çevriləcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31