“Bir çox NATO üzvü ölkə hərbi xərclərini artırmaq istəmir”— ÖZƏL

NATO-nun baş katibi Mark Rutte üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb. O bildirib ki, Rusiya 3-5 ilə NATO ölkələrinə hücum edə bilər. Rutte deyib ki, müdafiə xərcləri 2%-dən az olarsa, təhlükə arta bilər. O, iyunun 23-25-də Hollandiyada keçiriləcək NATO sammitində əsas mövzunun məhz müdafiə xərcləri və hərbi istehsal olacağını qeyd edib.
NATO ölkələrinin müdafiə xərclərini artırması Rusiyanın mümkün təhdidlərinə qarşı yetərli və effektiv cavab ola bilərmi?

Mövzu ilə bağlı politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib ki, "Mütləq təməl məsələ ondan ibarətdir ki, NATO üzvü ölkələr - yəni hamısı, əsasən Şərqi Avropa və bir çox Mərkəzi Avropa ölkələri - hərbi xərcləri həqiqətən də artırmağa könüllüdürlər. Bu məsələ ilə bağlı, Donald Tramp dövründə və ondan əvvəlki NATO baş katibi Yens Stoltenberqin də çağırışları olmuşdur. Lakin uzun müddətdir ki, bir çox NATO üzvü ölkə hərbi xərclərini artırmaq istəmir.Bunun isə bir çox səbəbi var. Birincisi, İkinci Dünya müharibəsindən sonra Avropa ölkələri özlərini NATO-nun təhlükəsizlik çətiri altında güvəndə hiss etdiklərinə görə və NATO-nun əsasən başqa ölkələr - xüsusilə ABŞ - tərəfindən maliyyələşdirilən bir sistem olduğunu düşündüklərinə görə hərbi xərclərə ciddi vəsait ayırmayıblar. Bu vəsaitləri isə əsasən Fransa, Türkiyə, İngiltərə və ABŞ kimi ölkələr öz büdcələrindən ordularını və dolayısı ilə Avropa ordularını maliyyələşdirməklə təmin ediblər. Bu baxımdan ABŞ-ın rolu olduqca böyük olmuşdur.
Hazırkı vəziyyətdə Avropa ölkələri artıq büdcələrini yeni bir şəkildə artırmaq istəmirlər. Onlar hesab edirlər ki, əgər hərbi büdcəyə əlavə vəsait ayrılarsa, bu, digər sahələrdə büdcə kəsirlərinə səbəb ola bilər.Digər tərəfdən isə onlar çox yaxşı anlayırlar ki, əslində Rusiyanın hər hansı bir NATO ölkəsinə hücum etməsi nə dərəcədə realdır. Çünki bu, bir qədər soyuq müharibə dövrünün təfəkkürüdür. Həmin dövrdə deyilirdi ki, SSRİ hücum edəcək - bu fikir 1970-80 ci illərdə daha çox səslənirdi. Hazırda isə Rusiya, əgər hər hansı bir NATO üzvünə hücum edərsə, bu halda bütün NATO ilə qarşı-qarşıya qala bilər.Açıq demək lazımdır ki, bu gün Ukraynada belə Rusiyanın planları istədiyi kimi getmirsə, necə ola bilər ki, Rusiya NATO ölkələrinə hücum etsin? Məhz bu səbəbdən illərdir NATO daxilində hərbi xərclərin artırılması ilə bağlı çağırışlar səsləndirilsə də, bu çağırışlara real cavab verilmir." 

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31