Fransada etirazlar niyə səngimir?-Səbəblər və gözləntilər- ÖZƏL
17:58 SiyasətFransa hökuməti 24 oktyabr şənbə günü gözlənilən yeni etirazlara görə küçələrə ordu yeridəcəyini açıqlayıb. Baş nazir Sebastyan Lekornu genişmiqyaslı təhlükəsizlik əməliyyatı olacağını deyib. Səbəb ötən şənbə - 17 oktyabrda "Sarı jiletlilər"in Paris, Marsel, Lionda keçirdiyi və talanla bitən aksiyalardır. Daxili işlər naziri Loran Nunyes Sentinelle hərbi qüvvələrinin polisə dəstək verəcəyini bildirib və kəşfiyyat uğursuzluğunu etiraf edib. Prezident Makron fövqəladə vəziyyətə ehtiyac görmədiyini deyib, amma etirazları öz kampaniyasında istifadə edən xarici liderləri sərt tənqid edib. Tramp və Netanyahuya işarə edərək "Fransanın kürəyindən kampaniya aparırlar, bu iyrəncdir" deyib və hadisələri "xarici müdaxilə deyil, xarici dezinformasiya" adlandırıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"
Fransada baş verən etiraz aksiyalarının əsas səbəbləri uzun müddətdir ölkədə mövcud olan və həllini tapmayan problemlərdir. Son etirazlara səbəb məktəblərdəki vəziyyət, onların təchizatı, müəllim çatışmazlığı və s. kimi məsələlər olsa da, bu, sadəcə görünən tərəfdir. Amma nəzərə alsaq ki, 2018-ci ildən Fransada etirazlar davam edir, bunun əsas səbəbləri, bir daha qeyd edirəm, ölkə iqtisadiyyatında yaranan böhranlı vəziyyət, əməkhaqlarının azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, inflyasiya, işsizliyin və sosial problemlərin artmasıdır. Məhz bu məsələlər etirazlara səbəb olan əsas amillərdir. Bütün bunlar daxili səbəblərdir. Ölkə xaricindən qaynaqlanan və müəyyən mənfi təsirləri olan məsələlər də var. Məsələn, İsrail və ABŞ tərəfindən sərgilənən mövqeyə verilən mesajlar da onların narazılığını göstərir.
Həmçinin İsrail naziri növbəti dəfə İngiltərədə belə bir anons da etmişdi. Yəni Fransada 2018-ci ildən başlayan "Sarı jiletlilər" etirazlarının əsas səbəblərindən biri də o zaman Makronun vahid Avropa ordusunun yaradılması ilə bağlı fikirlərini səsləndirməsindən sonra ortaya çıxmışdı. Bu da müəyyən suallar doğururdu. Həmin vaxt ABŞ-nin bu fikrə sərt reaksiyasını xatırlayırıq.
Bu baxımdan, təbii ki, müəyyən xarici manipulyasiyalar var və Trampın tvitləri də bunu göstərə bilər. Amma hesab edirəm ki, bu etirazların əsas səbəbləri ölkə daxilindəki idarəetmə problemləri və mövcud ağır sosial vəziyyətlə bağlıdır. Bunlar həllini tapmadıqca, 2018-ci ildən başlayan və sonradan böhrana çevrilən proseslərin davam etməsi mümkündür.
Düşünürəm ki, bu böhran bir müddət davam edəcək. Ən azı ilin sonuna qədər müntəzəm olaraq etiraz aksiyalarının keçirilməsi gözlənilir. Çünki Fransada hazırda iqtisadi problemlər ciddi şəkildə artır. Bunun əsas səbəblərindən biri də Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış vəziyyətdir.
Belə ki, Fransada enerji daşıyıcılarının qiymətlərində ciddi artımların olması da əhalinin vəziyyətinə mənfi təsir edir.
Bu baxımdan, aksiyaların hələ bir müddət davam etməsi ehtimalı kifayət qədər yüksəkdir".
Zeynəb Mustafazadə