“Rusiyadan uzaqlaşmağın iqtisadi qiyməti olacaq” – İrəvan hansı risklərlə üz-üzədir? – ÖZƏL

"Rusiyanın Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə ciddi iqtisadi itkilərlə üzləşə biləcəyi barədə xəbərdarlıqlarını yalnız iqtisadi təhlil kimi qiymətləndirmək düzgün olmazdı. Burada açıq şəkildə siyasi mesaj və Ermənistanın xarici siyasət kursuna təsir göstərmək cəhdi də görünür. Uzun illər Ermənistan Rusiyanın Cənubi Qafqazdakı əsas dayağı, başqa sözlə, iqtisadi və siyasi baxımdan Moskvadan ciddi şəkildə asılı olan ölkə olub. Ermənistanın enerji təminatı, əmək miqrantlarının pul köçürmələri, ticarət əlaqələri və təhlükəsizlik məsələləri bu asılılığın əsas istiqamətlərini təşkil edib. İndi isə rəsmi İrəvanın Avropa İttifaqı və ABŞ ilə əlaqələri genişləndirmək, Qərbə inteqrasiya imkanlarını artırmaq siyasəti Moskvanı ciddi şəkildə narahat edir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi ekspert qeyd edib ki, qaz idxalının bahalaşması, pul köçürmələrinin azalması və digər iqtisadi itkilərlə bağlı proqnozların gündəmə gətirilməsi də Ermənistan rəhbərliyinə bir mesajdır: Rusiyadan uzaqlaşmağın iqtisadi qiyməti olacaq. Beləliklə, Moskva iqtisadi rıçaqlar vasitəsilə İrəvanın siyasi qərarlarına təsir göstərməyə çalışa bilər. Ancaq məsələnin daha mühüm tərəfi Rusiyanın Ermənistanın yalnız xarici siyasətinə deyil, daxili siyasi proseslərinə də təsir imkanlarını qoruyub saxlamaq istəyidir. Çünki iqtisadi asılılıq siyasi asılılığın da mühüm vasitəsidir. Enerji qiymətləri, əmək miqrantlarının gəlirləri və ticarət əlaqələri ətrafında yarana biləcək problemlər Ermənistan cəmiyyətində narazılıqları artıra, hakimiyyətin mövqelərini zəiflədə və Rusiyaya daha yaxın siyasi qüvvələrin mövqelərini gücləndirə bilər. Bununla belə, belə bir ssenarinin mütləq reallaşacağını demək olmaz. Burada Nikol Paşinyan hakimiyyətinin qarşısında mürəkkəb seçim dayanır. Ermənistan Qərbə yaxınlaşmaqla xarici siyasətdə manevr imkanlarını genişləndirmək, alternativ tərəfdaşlar tapmaq və Rusiyadan asılılığını azaltmaq istəyir. Lakin bu proses iqtisadi və siyasi risklərsiz mümkün deyil. Moskva ilə münasibətlərin kəskin pisləşməsi Ermənistanın enerji təminatına, iqtisadi sabitliyinə və daxili siyasi balansına təsir göstərə bilər.

"Eyni zamanda, Rusiya ilə münasibətləri qorumaq naminə Qərblə yaxınlaşmadan imtina etmək də Ermənistanın strateji seçimlərini məhdudlaşdıra bilər. Deməli, İrəvanın əsas problemi təkcə Aİİ-də qalmaq və ya bu qurumdan çıxmaq məsələsi deyil, öz milli maraqlarına uyğun müstəqil qərar vermək qabiliyyətini formalaşdırmaqdır.
Ermənistanın xarici siyasət istiqamətini dəyişməsi, böyük güclərin region uğrunda rəqabətinin güclənməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yarada bilər.  Ermənistanın Aİİ-dən mümkün çıxışı ətrafında iqtisadi itkilərlə bağlı xəbərdarlıqlar Moskvanın İrəvana təsir imkanlarını qorumaq istəyinin göstəricisi kimi qiymətləndirilə bilər. Lakin Ermənistanın gələcəyi bir asılılığı digəri ilə əvəz etməkdə deyil, iqtisadi və siyasi müstəqilliyini gücləndirməkdədir. Əks halda, Qərblə Rusiya arasında seçim etmək məcburiyyəti ölkənin daxili siyasi sabitliyini də xarici siyasəti qədər həssas vəziyyətə sala bilər", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31