Azərbaycan-Türkiyə münasibətlərinə qarşı təxribat cəhdləri: Hədəfdə nə var?- ÖZƏL
17:35 SiyasətTürkiyədə Azərbaycana qarşı aparılan təbliğatın arxasında xarici anti-Azərbaycan mərkəzlərinin dayandığı və bu qüvvələrin Bakı-Ankara münasibətlərinə xələl gətirməyə çalışdığı ehtimal olunur.
Türkiyədə Azərbaycana qarşı aparılan təbliğatın arxasında hansı qüvvələr dayana bilər və onların əsas məqsədi nədir? Bu cür təbliğat Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərə bilərmi və iki ölkə bu cəhdlərin qarşısını necə ala bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Hazırkı mənzərə onu göstərir ki, ümumiyyətlə, Türkiyədən də ölkəmizə qarşı müəyyən dairələrin, müəyyən çevrələrin vahid məktəbli geyimi bəhanəsi ilə hücuma keçməsi, mətbu orqanlarda və hətta bəzi dövlət rəsmilərinin də Azərbaycanda qəbul edilmiş bu qərara qarşı çağırışlar etməsi onu göstərir ki, bu, heç də göründüyü kimi bəsit bir məsələ deyil. Bu, heç də məktəbli geyimi, hicab və ya hansısa dini atributla bağlı məsələ deyil. Çünki Türkiyə dövləti də çox gözəl bilir ki, xarici bir ölkənin, xarici bir dövlətin, hər nə qədər dostluq, qardaşlıq və müttəfiqlik əlaqələri olsa da, başqa bir dövlətin daxili işlərinə qarışması qanunla, ümumiyyətlə, beynəlxalq hüquqla da yolverilməz məsələdir. Amma biz hazırkı dövrdə tam bunun əksini müşahidə edirik. Bu da deməyə əsas verir ki, məsələnin arxasında başqa strateji və geosiyasi maraqlar, eyni zamanda təxribatçı və təhrikçi qüvvələr var.
Mən deyərdim ki, hətta Qarabağ savaşından, 44 günlük müharibədən sonra Azərbaycanın qələbəsi qeyd edildikdən bir qədər sonra Azərbaycan üçün yeni üfüqlər açıldı. Azərbaycan öz qüdrətini göstərdi, eyni zamanda onun dostları və müttəfiqləri də artmağa başladı. Burada narahat olan tərəf ən çox özünü göstərən İran rejimi idi.
Yəni İrandakı molla rejiminin bu məsələdən çox narahat olduğunu bilirik. Hətta müharibə əsnasında da bir çox maneələr törətməyə cəhd etdi ki, Azərbaycan Qarabağı azad edə bilməsin. Əsasən də Zəngəzur dəhlizi ilə bağlı onların çox ciddi narahatlıqları vardı. Məlumdur ki, bu dəhliz Türkiyə ilə Azərbaycanı birləşdirir. Bu yolun açılması iqtisadi, siyasi, tranzit və digər sahələrdə əhəmiyyətlidir. Hazırda bu layihə Tramp marşrutu adlanır və onun üzərində iş gedir. İran tərəfi dəfələrlə vurğulamışdı ki, bu, onların qırmızı xəttidir və buna yol verməyəcəklər. Şübhəsiz ki, birbaşa Azərbaycana qarşı təzyiqlərlə həmin layihəni dayandırmağa nail ola bilmədi. Çünki orada ABŞ başda olmaqla, başqa dövlətlərin də dəstəyini gördü. Eyni zamanda Ermənistanın özünün də bu məsələyə qol qoyduğunu, razılıq verdiyini gördü. Birbaşa Azərbaycana qarşı ciddi təzyiqlər göstərmək imkanlarından məhrum oldu. Odur ki, Azərbaycanın digər dost və müttəfiq ölkələrlə arasını pozmağa başladı. Hətta mən deyərdim ki, bir qədər də dərindən düşünsək və bu məsələni ətraflı şərh etməyə çalışsaq, üç il bundan əvvəl, 2023-cü ilin oktyabr ayında HƏMAS-ın İsrailə hücumunu, "Əqsa tufanı" əməliyyatını da xatırlamalıyıq.
Şübhəsiz ki, bu layihənin, bu proqramın və hücum kampaniyasının başlanmasında İranın çox müstəsna rolu olub. Təbii ki, söhbət burada təkcə İsraillə Fələstin arasındakı məsələdən getmir. Ümumiyyətlə, Fələstin məsələsindən ən çox bəhrələnən, öz siyasi-ideoloji təsirlərini genişləndirməyə çalışan, öz təbirləri ilə desək, inqilab ixrac etməyə çalışan, ilk növbədə, İrandır. İran Fələstinlilərin qanından istifadə edərək öz proksilərini yaradır. Onların bir çoxu Fələstini müdafiə etdiklərini iddia edirlər, halbuki nəticələr bunun əksini göstərir. Eyni zamanda İsrail İranın atdığı addımlardan, yaratdığı xaosdan və HƏMAS-ın ona qarşı yönələn hücumundan məharətlə istifadə edir.
Məsələn, bu son müharibədə tam nəzarətə götürdü. Orada 70 minə yaxın günahsız müsəlman həlak oldu. Nəticə etibarilə, tarixi və siyasi proseslərin nəticələrinə baxdıqda görürük ki, burada qazanan İran və İsraildir. Yəni süni düşmənçilik və real düşmənçilik məsələsi var.
Bir çox qazanc yalnız dostluqdan əldə olunmur. Elə qazanc da var ki, düşmənçilik nəticəsində əldə edilir. Məhz İsrail və İran da bu düşmənçilik nəticəsində iqtisadi, siyasi və ideoloji maraqlarını genişləndirirlər.
Ona görə də bu gün Türkiyənin İsraildən ciddi təhdid və təzyiqlərlə üzləşdiyini bilirik. Eyni zamanda İrandan da həm Azərbaycana, həm də Türkiyəyə yönələn təzyiqlər var. Bax, hicab məsələsində də din hər zaman belə məsələlərə alət olub. İran isə xüsusilə dini məzhəbdən həmişə öz siyasi maraqları üçün istifadə edir.
Bu, insanların həssas yeridir. Müsəlmanların həssas mövzusu olduğu üçün İran sanki bu boşluğu tapıb. Artıq İran özü birbaşa Azərbaycana qarşı 2012-ci ildə olduğu kimi hicab məsələsi ilə bağlı təxribatlar törətmir. Təbii ki, bu cəhdlər müxtəlif formalarda var, amma İran bunun arxasında olduğunu açıq şəkildə təsdiq etmir. Bu məsələni Türkiyənin önünə verərək, sanki Türkiyə cəmiyyətində belə bir fikir formalaşdırıblar ki, guya dini atributlar müdafiə olunur. Halbuki hazırda İranın özündə hicab əleyhinə aksiyalar keçirilir və insanlar hicabdan uzaqlaşmağa cəhd edirlər.
Mən hesab edirəm ki, Türkiyə hakimiyyətinə və ümumiyyətlə, Türkiyə cəmiyyətinə çox ciddi şəkildə kənar təsirlər var. Türkiyə son dövrlərdə, xüsusilə xarici siyasətdə böyük nailiyyətlər və uğurlar əldə etməsinə baxmayaraq, daxili siyasətdə bir çox boşluqların olduğunu görürük. Bu boşluqlar nəticəsində, xüsusilə dövlətin və hakimiyyətin dini inanclılara verdiyi azadlıqlardan sui-istifadə edən qruplaşmalar və xarici təsir altında olan qüvvələr Türkiyədə möhkəmləniblər".
Zeynəb Mustafazadə