Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”- TRIPP ətrafında açıqlama- ÖZƏL

"Ermənistan rəhbərliyi səviyyəsində son vaxtlar müəyyən müzakirələrə səbəb olan, bir-birinə zidd və konstruktiv yanaşmadan uzaq açıqlamalar səsləndirilir.
Eyni zamanda, TRIPP məsələsi ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində avqustun 8-də Vaşinqtonda razılaşdırılmış məsələlərdən sonra belə, sanki əlavə gözləntilər yaradır və ya məsuliyyəti başqalarının üzərinə qoymağa çalışır. Nəticədə prosesdə müəyyən ləngimələr və ziddiyyətli açıqlamalar müşahidə olunur".

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:

" Əgər Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdırsa, öz ərazisində həyata keçirilməli olan işlərə görə məsuliyyət daşımalıdır. Bu işlərin necə və kim tərəfindən görülməsi Ermənistanın öz məsuliyyətinə daxildir. Burada həm texniki, həm də siyasi məsələlər ola bilər.
Lakin Ermənistanın əvvəlki razılaşmalardan kənara çıxması və yeni müzakirə mövzuları yaratmağa çalışması müəyyən layihələrdən geri çəkilmək niyyətində olduğu ehtimalını da gündəmə gətirir.
TRIPP çərçivəsində dəmir yolu, avtomobil yolu və digər kommunikasiyalar nəzərdə tutulsa da, hər bir ölkə öz ərazisində görüləcək işlərə görə məsuliyyət daşıyır. Buna görə də əsas məsələ Ermənistanın öz ərazisində üzərinə düşən öhdəlikləri yerinə yetirməsidir.
Azərbaycan tərəfdən prosesin uzanmasına səbəb olacaq addımlar atılmır. Əksinə ziddiyyətli açıqlamalar və yeni məsələlərin gündəmə gətirilməsi prosesin ləngiməsinə yol açır.
Ermənistanın mövqeyi ihələ də tam aydın deyil. Müxtəlif vaxtlarda fərqli fikirlərin səsləndirilməsi ölkə rəhbərliyinin vahid mövqeyinin olub-olmaması ilə bağlı suallar yaradır.
Azərbaycan öz ərazisində görülməli olan işləri başa çatdırmaq üzrədir. Eyni zamanda, Ermənistan üçün də geniş imkanlar yaradılır, onun ərazisindən keçən tranzit marşrutlarının açılması və ixrac yüklərinin daşınması üçün şərait formalaşdırılır. Lakin Ermənistanın sülhün möhkəmləndirilməsinə və nəqliyyat yollarının açılmasına verdiyi töhfə hələlik gözlənilən səviyyədə görünmür.
Bundan sonra Ermənistan öz üzərinə düşən məsuliyyəti nəzərə almalı, Azərbaycanın atdığı müsbət addımlara hansı qarşılıqlı addımlarla cavab verdiyini və regional əməkdaşlığın inkişafına necə töhfə verəcəyini müəyyənləşdirməlidir. Prosesin bundan sonrakı gedişatı, ilk növbədə, Ermənistanın öz qərarlarından və öhdəliklərini yerinə yetirməsindən asılı olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31