Zeynal Əmrəliyev: Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığı mərhələdə vasitəçiyə ehtiyac yoxdur – ÖZƏL

ABŞ Dövlət katibi Mark Rubio Ağ Evin diqqətinin Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsinə yönəldiyini və toqquşmanın qarşısını almağa çalışdığını bildirib. 

Maraqlıdır, ABŞ Cənubi Qafqaz masasında - Azərbaycan-Ermənistan arasında vasitəçilik üçün cəhd göstərə bilərmi?

"Amerika Birləşmiş Ştatları hal-hazırda beynəlxalq nüfuzunu möhkəmləndirmək üçün müxtəlif münaqişələrdə vasitəçi kimi çıxış etməyə çalışır. Görünən odur ki, ABŞ hökuməti Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda da bu rolu öz üzərinə götürmək niyyətindədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O qeyd edib ki, Azərbaycan və Ermənistan sülhə çox yaxın olsa da, ABŞ prosesdə vasitəçi kimi iştirak edərək geosiyasi təsirini artırmağa çalışır:

"Hazırda ortada aktiv silahlı münaqişə yoxdur, sadəcə olaraq, tərəflər arasında sülh müqaviləsinin imzalanması prosesi gedir. Atəşkəs tam bərqərar olub, müharibə vəziyyəti aradan qalxıb və tərəflər artıq məsələlərin 90 faizini həll ediblər. Yəni sülh müqaviləsinin imzalanması üçün çox az məsafə qalıb. Məhz buna görə də ABŞ bu məsələdə öz təsir imkanlarını artırmağa çalışır, sülhün onun təşəbbüsü ilə əldə olunmasına nail olmaq istəyir. Beləliklə, o, Rusiyanın və ya digər ölkələrin bu sahədəki təsirini minimuma endirməyə cəhd göstərir. Əslində, əvvəllər də qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında artıq vasitəçiyə ehtiyac yoxdur. İki dövlət demək olar ki, bütün mübahisəli məsələləri birbaşa dialoq yolu ilə həll edə bilib. Hazırda bəzi məsələlər qalır - məsələn, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, çünki orada Azərbaycan və Türkiyə ilə bağlı ziddiyyətli müddəalar mövcuddur. Həmçinin, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına qayıtması məsələsi və digər humanitar aspektlər də hələ tam razılaşdırılmayıb".

Siyasi şərhçinin fikrincə, Azərbaycan və Ermənistan sülhə yaxınlaşdığı bir vaxtda, ABŞ və digər keçmiş vasitəçilərin prosesə qoşulmaq cəhdləri artıq zəruri sayılmır.

"Bütün bu məsələlər həll edildikdən sonra iki dövlət arasında sülh müqaviləsi imzalana bilər. Kommunikasiyaların, xüsusən də Zəngəzur dəhlizinin açılması da bu prosesin vacib hissəsidir. Bütün bunlar baş verdikdən sonra, tərəflər arasında yekun razılaşma mümkündür və bu prosesdə vasitəçiyə ehtiyac yoxdur. Sadəcə olaraq, ABŞ bu fürsətdən istifadə edərək prosesə daxil olmağa çalışır. ABŞ, Rusiya və Fransa uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi fəaliyyət göstərsələr də, biz 30 il ərzində bu münaqişənin həlli ilə bağlı əsaslı nəticə görə bilmədik. Bu üç dövlət faktiki olaraq yalnız status-kvonun qorunmasına xidmət etdilər. Bu gün isə Azərbaycan problemini özü həll etdikdən sonra, sülh müqaviləsinin imzalanması ərəfəsində onların masada oturmaq istəkləri tamamilə qəbuledilməzdir. Bizim belə vasitəçilərə ehtiyacımız yoxdur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31