İran-Azərbaycan əməkdaşlığı yeni geopolitik reallıqlardan faydalanacaq"- İlyas Hüseynov- ÖZƏL
17:00 SiyasətHikmət Hacıyev Tehranda keçirilən Dialoq Forumunda çıxış edərək iranlı rəsmilərlə regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edib. O, Cənubi Qafqazda de-fakto sülhün formalaşdığını bildirib və münasibətlərin inkişafı üçün əlverişli şəraitin yarandığını vurğulayıb. Səfər Bakı-Tehran əlaqələri baxımından diqqət çəkib.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin müdiri, Prezidentin köməkçisi, hörmətli Hikmət Hacıyevin İrana səfəri hazırkı reallıqlarda mühüm əhəmiyyət kəsb edir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra İran ilə Azərbaycan arasında önəmli siyasi dialoq genişlənib, siyasi, iqtisadi, nəqliyyat, mədəni-humanitar müstəvidə əməkdaşlıq üçün yaxşı imkanlar formalaşıb və Tehran Dialoq Forumunda Azərbaycanın yüksək vəzifəli rəsmisinin iştirakı da həm dövlətlər arasında formalaşmış əlverişli əməkdaşlığa müsbət töhfə verir, həm də perspektivlərin müzakirəsi üçün imkan yaradır.
Şübhəsiz ki, regionda faktiki sülh mövcuddur. Bu da Azərbaycan ordusunun müdürüklüdür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regional təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Bugün regionda transmilli cinayətkarlığın, terrorun, qaçaqmalçılığın və eləcə də digər ünsürlərin qarşısı alınmışdır. Bu da təhlükəsizlik sisteminə töhfə verir. Bu baxımdan İran-Azərbaycan münasibətləri də bu münbit şəraitdən qeyri-adi şəkildə faydalana bilər və yeni geopolitik reallıqlar kontekstində Bakı ilə Tehran arasında da əməkdaşlıq üçün yaxşı perspektivlər formalaşır.
Yeni Şimal-Cənub nəqliyyat təhlili adlandırılan marşrut iki istiqamətdə mühüm bağlantını formalaşdıracaq və bu plan əgər yerinə yetirilərsə, Azərbaycanın diplomatiyasının uğuru hesab olunacaqdır. Çünki sülh kəsişməsi, Ermənistan kəsişməsi kimi utopik ideyalar tarixin arxivinə göndəriləcək və Azərbaycanla İran arasında çox əlverişli nəqliyyat marşrutu ərsəyə gələcəkdir. Bu baxımdan hesab edirəm ki, siyasi müstəvidə məsləhətləşmələr və davamlı təmasları inkişaf etdirmək önəmlidir".
Zeynəb Mustafazadə