NATO-nun Rusiya təhdidi ilə bağlı bəyanatlarının arxasında nə dayanır?-ÖZƏL

NATO-nun Çevrilmə üzrə Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Vandye Rusiya ordusunun təhlükəli dərəcədə dəyişdiyini deyib. Onun sözlərinə görə, Rusiya artıq 2022-ci ildəki kimi deyil, döyüş meydanında öyrənib, uyğunlaşıb və çoxlu itki bahasına ciddi təcrübə toplayıb. Vandye nümunə kimi "Geran" dronlarını göstərib və rusların yeni standartları aktiv tətbiq etdiyini, təşəbbüskar və kreativ olduqlarını, məhz bu səbəbdən təhlükəli sayıldığını vurğulayıb. O, NATO-nun üstünlüyünü nümayiş etdirməli olduğunu bildirib. Bu açıqlama Alyansın ilk dəfə Rusiyanın praktik döyüş təcrübəsindən açıq narahatlığını göstərir.

NATO generallarının Rusiyanı "kreativ və təşəbbüskar" adlandırması- taktiki etirafdır, yoxsa? Rus ordusunun 2022-dən bəri öyrəndiyi dərslər NATO-nun Şərqi Avropa planlarını necə dəyişəcək? 

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 

" NATO-nun Çevrilmə üzrə Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Vandyenin Rusiya ordusu barədə fikirləri əslində gerçəklikləri ehtiva edir. Rusiya ordusu, gerçəkdən də, Ukraynaya qarşı müharibənin gedişində böyük döyüş təcrübəsi qazanıb. Üstəlik, Ukraynaya dəstək verən NATO-ya qarşı müharibə zərurəti Rusiya ordusunda modernləşməni sürətləndirib. Sanksiyalara baxmayaraq, Rusiyanın hərbi-sənaye kompleksi müharibə ilə bağlı ordunun ona yönələn sifarişlərini yüksək səviyyədə yerinə yetirərək ordunun ən müasir və modern silahlarla təminatını durmadan təmin edə bilib. Nəticə etibarilə, Rusiya Silahlı Qüvvələrinin döyüş bacarığı daha da püxtələşib.

Aparılan tədqiqatlar Rusiya dronlarının, pilotsuz təyyarələrinin uçuş imkanlarının yüksəldiyini, onların uzaq məsafələrə raket və mərmilər daşımaq potensialının dəfələrlə artdığını göstərir. Üstəlik, Rusiya tanklarının və digər zirehli texnikasının dron zərbələrindən qorunması üçün tədbirlər də görülüb.

Bununla belə, Rusiyanın Avropanı təhdid etməsi ilə bağlı NATO rəsmilərinin bəyanatları "Soyuq müharibə" dövründən bəri "Ruslar gəlirlər" şüarı ilə Avropa cəmiyyətlərini qorxu və xof altında saxlamaq üçün düşünülmüş təbliğat kampaniyasından başqa bir şey deyil və əslində, Qərbin Rusiyaya qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir.

NATO generalları Rusiyanın Avropanı təhdid etməsi ilə bağlı təbliğat kampaniyasını konyunktur maraqlar naminə aparırlar. Məqsəd isə ABŞ və Avropa dövlətlərinin hökumətlərini Şimal Alyansının büdcəsinin ildən-ilə artırılması üçün əlavə milyardlarla vəsait ayırmağa sövq etməkdir. Soyuq müharibədə SSRİ-nin məğlubiyyətindən sonra Qərbi daim "təhdid və qorxu" altında saxlayan fövqəldövlət çökdüyündən, əslində, müdafiə alyansı kimi düşünülmüş NATO-nun büdcəsinin ildən-ilə artırılması üçün "Ruslar gəlirlər" devizini daim gündəmdə saxlamaq, NATO-nun Şərqə doğru genişlənməsini Şərqdən gələn təhlükədən sığortalanmaq adı ilə bəraətləndirmək lazım gəlirdi.

Ukrayna müharibəsinin arxasındakı mətləblərdən biri də məhz NATO-nun ayaqda saxlanılmasının zəruriliyinə Qərb seçicilərini və vergi ödəyicilərini inandırmaqdan ibarət olmuşdur. Beləliklə, NATO-nun gerçək missiyası ilə bağlı gerçəkliklər illər boyu Qərb vergi ödəyicilərindən gizli saxlanılmış, NATO isə beynəlxalq transmilli şirkətlərin və beynəlxalq maliyyə institutlarının üçüncü dünya ölkələrinin iqtisadiyyatlarını nəzarət altına alması üçün hərb maşını kimi istifadə olunmuşdur və bu gün də bu siyasət Qərbdəki qlobalist dairələr tərəfindən davam etdirilir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31