Azərbaycan iki qütb arasında körpü atmağa nail oldu– ÖZƏL
18:01 Siyasət"COP-29-un uğurla yekunlaşdırılması Azərbaycan üçün sözsüz müsbət göstəricidir. Bu tədbirin ən böyük nəticələrindən biri də prezidentin dediyi kimi, Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü yaradılmasından ibarət oldu".
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Artıq qətiyyətlə demək mümkündür ki, COP-29-un Bakıda keçirilməsi ilə Qlobal Şimalın və Qlobal Cənubun arasında körpü atıldı.
Bundan sonra bu körpünün nə qədər möhkəm olacağı, nə qədər müsbət nəticələr verəcəyi təkcə azərbaycanlıların məsuliyyəti deyil. Yetər ki, COP iştirakçısı olan, yaşıl enerji gündəminə sadiq yanaşan bütün ölkələr bunun nə qədər məsuliyyətli olduğunu anlasınlar. Çünki işin ən çətinini Azərbaycan gördü. COP29-da Azərbaycan dünyanın iki şərti qütbü arasında körpü atmağa nail oldu.
Bu körpünün də əsl mahiyyəti, hədəfi yaşıl enerji gündəmini inkişaf etdirmək və Şimal-Cənub ölkələrinin gündəmini əsasən bu mövzu üzərində bərqərar etməkdir. Bu təkcə Şimal-Cənubun çıxış yeri yox, bütün bəşəriyyətin çıxış nöqtəsidir. Ona görə ki, bəşəriyyəti yaşıl enerji ilə təmin etmək həm sağlamlıq məsələsidir, həm xüsusən qənaət etmək məsələsidir. Azərbaycan isə bunu etməyi bacardı. Və Türk Dövlətləri Təşkilatının zirvəsində də bunun elan olunması daha bir müsbət göstəricidir. Çünki Türk Dövlətləri Təşkilatı dövlətləri arasında dünya enerji transformasiyasında xüsusi maraqlı olan ölkələrdir. Çünki bu ölkələr arasında qazıntı yanacağının bol olanları var. Və Prezidentin Türk zirvəsində bunu elan etməsi bir daha dünyaya onu göstərdi ki, Türk Dövlətləri Təşkilatı dünyanın yaşıl transformasiyasında böyük rol oynaya bilər".
Zeynəb Rzayeva