Hindistan-Ermənistan silah əməkdaşlığı– ÖZƏL

"Bildiyiniz kimi, Hindistanla Ermənistan arasında artıq uzun müddətdir ki, hərbi əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində Hindistan Ermənistana mütəmadi olaraq silah tədarük edir. Qeyd etmək lazımdır ki, Hindistanın ixrac etdiyi silahların bir çoxu beynəlxalq praktikadan keçmədiyi və keyfiyyət göstəriciləri aşağı olduğu üçün dünya silah bazarında yüksək reytinqə malik deyil. Ermənistan da bu cür silahların ixrac edildiyi ölkələrdən biridir".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Bu silah alış-verişinin intensivləşməsi, xüsusilə Hindistanla Pakistan arasında baş vermiş Kəşmir hadisələri və bu hadisələrdən sonra iki ölkə arasında yaranan hərbi qarşıdurmalardan sonra daha da sürətlənib. Atəşkəs elan edildikdən sonra Hindistan Ermənistanı daha fəal şəkildə silahlandırmağa başlayıb. Bu proses, sözsüz ki, Azərbaycanla Ermənistan arasında gələcəkdə bağlanması gözlənilən sülh müqaviləsinə də mənfi təsir göstərə bilər.

Digər tərəfdən, Hindistanın dünya miqyasında kifayət qədər keyfiyyətsiz silah istehsalçısı kimi tanınması da diqqətçəkicidir. Bu baxımdan, Ermənistan ordusunun Hindistan silahları ilə silahlandırılması ciddi üstünlük yaratmır. Tarixə nəzər salsaq, birinci və ikinci Qarabağ müharibələri dövründə də Ermənistan ordusu Rusiya tərəfindən verilmiş və keyfiyyəti şübhə doğuran silahlarla təmin olunurdu. Bu məsələyə dair Ermənistanın hərbi dairələrində də müəyyən narazılıqlar olmuşdu və açıq şəkildə səsləndirilmişdi ki, Rusiya Ermənistana yetərincə keyfiyyətsiz silahlar ötürür.

Bütün bu amilləri nəzərə alsaq, nəticə aydındır: Qüdrətli Azərbaycan Ordusunun qarşısında Ermənistanın silahlanması, hansı ölkədən silah aldığına baxmayaraq, real təhlükə yaratmır. Qüdrəti Azərbaycan Ordusu həm mənəvi, həm də fiziki və texniki cəhətdən Ermənistan ordusundan qat-qat üstündür".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31