“Azərbaycan Turan sivilizasiyasının formalaşmasında lokomotiv rolunu oynayır” – Azad Məsiyev – ÖZƏL

Azərbaycanın COP29-da əldə etdiyi diplomatik uğurlar və TDT çərçivəsində artan iqtisadi-siyasi fəallığı ölkənin beynəlxalq nüfuzuna necə təsir edir?

"Azərbaycan xarici siyasət doktrinasına uyğun olaraq balanslaşdırılmış siyasət həyata keçirir. Bu baxımdan Azərbaycan Prezidentinin Macarıstana səfərinə də həmin siyasətin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Macarıstan Avropa İttifaqının üzvü, Avropanın mərkəzində yerləşən bir dövlətdir. Macarıstan Avropa İttifaqının üzvü olsa da, müstəqil dövlət siyasəti yürütməkdədir. Bu səbəbdən o, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıqda da maraqlıdır. Ümumilikdə, Azərbaycan-Macarıstan münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında inkişaf etməkdədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev bildirib. O qeyd edib ki, Azərbaycan Avropa ilə siyasi və iqtisadi əlaqələrini gücləndirməklə yanaşı, Avropanın tənəzzülə uğrayan siyasətinin yaratdığı qlobal təhlükələrə də diqqət çəkir:

"Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə Avropa ölkələri ilə əməkdaşlığını mütəmadi olaraq genişləndirir. Bildiyiniz kimi, Avropanın onlarla dövləti ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində ikitərəfli müqavilələri mövcuddur və iqtisadi əlaqələr davamlı şəkildə inkişaf etdirilir. İqtisadiyyatla siyasətin bir-birinə bağlı olduğunu nəzərə alsaq,  Azərbaycan Prezidenti də siyasi müstəvidə bu xətti ardıcıl şəkildə həyata keçirir. Yaxın zamanda Azərbaycan Prezidenti Albaniyanın paytaxtında keçirilən bir toplantıda iştirak etmiş və orada Avropa ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdi. Ümumilikdə, Macarıstan Avropada müstəqil siyasət yürüdən dövlətlərdən biridir. Eyni zamanda Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olaraq  bu dövlətlə əməkdaşlığını həm siyasi, həm də iqtisadi sahədə dərinləşdirməkdə maraqlıdır. Bu görüşlərin çoxtərəfli formatda keçirilməsi Türk dünyasının inkişafına töhfə verə bilər. Ümumilikdə, Avropa sivilizasiyası tənəzzül dövrünə qədəm qoymuşdur və bu, artıq bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilməkdədir. İstər Birinci, istərsə də İkinci Dünya Müharibəsi, hazırda isə Ukrayna ərazisində gedən müharibə - faktiki olaraq Üçüncü Dünya Müharibəsi - hamısı Avropa siyasətinin və dünyagörüşünün nəticəsi olaraq meydana çıxmışdır. Ukraynada baş verən münaqişənin pik nöqtəsi nüvə silahının tətbiqinə gətirib çıxara bilər ki, bu da bəşəriyyət üçün ciddi təhlükədir".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Avropanın tənəzzülü fonunda Türk dünyasına yönəlir və Turan sivilizasiyasının formalaşmasını gələcəyin alternativ güc mərkəzi kimi görür.

"Avropa təkcə siyasi yox, müxtəlif digər sahələrdə də tənəzzülə uğramaqdadır. Bu baxımdan dünyada yeni bir sivilizasiyanın formalaşması prosesi gedir ki, bu da Turan sivilizasiyasıdır. Ukrayna-Rusiya müharibəsindən sonra dünya yenidən formatlaşır və çoxqütblü bir sistemin yaranması istiqamətində gedir. Belə olan halda, Türk dünyası hansı mövqedə dayanacaq? Bu kontekstdə Türk Dövlətləri Təşkilatının əsasında Turan İttifaqının formalaşması bəşəriyyət üçün mühüm hadisə ola bilər. Bu, dünyada haqqın və ədalətin bərqərar olması üçün vacibdir. Turan sivilizasiyasının meydana çıxması zəruridir. Azərbaycan Prezidentinin bu barədə fikirləri açıq və aydındır. Xüsusilə vurğulamaq lazımdır ki, Prezidentin "Bizim evimiz Avropa deyil, Türk dünyasıdır" fikri bu ideologiyanın əsasını təşkil edir. Bu şüar və ideya göstərir ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatına böyük önəm verir. Xüsusilə də Macarıstan kimi Avropada yerləşən bir dövlətlə əməkdaşlığın genişləndirilməsi həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa töhfə verə bilər ki, bu da Azərbaycanın dövlət və milli maraqlarına tam uyğundur. Ümumiyyətlə, Macarıstan Avropada müstəqil siyasət yürüdən dövlətlərdəndir. Bildiyiniz kimi, Ukrayna-Rusiya münaqişəsində də Macarıstan öz müstəqil mövqeyini ortaya qoymuşdur".

Azad Məsiyev əlavə edib ki, Azərbaycanın Macarıstanla əməkdaşlığı ölkənin Avropada etibarlı tərəfdaş qazanması və Türk dünyası ilə strateji əlaqələrini gücləndirməsi baxımından mühüm addımdır.

"Macarıstan böyük güclərin və beynəlxalq təşkilatların təsiri altına düşməyən bir dövlətdir. Məsələn, İsrailin Baş nazirinə qarşı beynəlxalq axtarış orderi qəbul edildikdə Macarıstan bu qərarı yerinə yetirməkdən imtina etmişdir. Rusiya-Ukrayna münaqişəsində də Macarıstan müstəqil mövqe sərgiləyən dövlət kimi tanınır. Bu baxımdan Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı, Azərbaycanın Avropada dostlarının sayının artması və Macarıstan kimi etibarlı tərəfdaşla əlaqələrin güclənməsi ölkəmizin dövlət və milli maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu münasibətlər Türk dünyası üçün də strateji əhəmiyyət kəsb edir. Azərbaycan Türk dünyasının bir parçası olaraq, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığını genişləndirməkdədir. Prezident mütəmadi şəkildə Orta Asiya respublikalarına səfərlər edir. Türkiyə ilə Azərbaycan arasında isə qardaşlıq münasibətləri mövcuddur. Bütün bu amillər onu göstərir ki, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrini gücləndirməkdədir. Hesab edirəm ki, bu səfər Azərbaycan xarici siyasətinin uğurlu nəticəsidir və Prezidentin ölkəmizi beynəlxalq aləmdə tanıtmaq və onun mövqeyini möhkəmləndirmək siyasətinin məntiqi davamıdır".

Sonda siyasi şərhçi vurğulayıb ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə həm qlobal proseslərdə aktiv iştirakını nümayiş etdirir, həm də Türk Dövlətləri Təşkilatı ilə birgə əməkdaşlığını gücləndirərək Turan İttifaqının formalaşmasında lokomotiv rolunu oynayır.

"Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tədbirlər yüksək səviyyədə təşkil olunur. Bu tədbirlərin keçirilməsi ilə Azərbaycan həm də dünyada baş verən proseslərə biganə qalmadığını və bu proseslərdə aktiv mövqe sərgilədiyini nümayiş etdirir. Xüsusilə COP29 ilə əlaqədar keçirilmiş beynəlxalq tədbir Azərbaycanın imicinə müsbət təsir göstərdi. COP29-la bağlı tədbirin yüksək səviyyədə təşkili, eyni zamanda Türk Dövlətləri Təşkilatının rəhbərliyinin bu tədbirdə fəal iştirakı bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı da dünyada baş verən proseslərə vahid və aydın mövqe bildirmək imkanına malikdir. Ümumilikdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində "bir millət, bir ittifaq" ideyasının həyata keçməsi prosesi davam edir. Yəni, Turan İttifaqının yaranması və bu ittifaq çərçivəsində birgə fəaliyyət göstərilməsi, Türk dövlətlərinin dünyada gedən proseslərə təsir imkanlarını daha da artıracaqdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan lokomotiv rolunu oynayır. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı uğurla davam etdirir. Xüsusilə də Avropada yerləşən Macarıstana etdiyi son səfərində bu məqamlara xüsusi toxunulmuşdur. Ümumilikdə, Azərbaycanın xarici siyasət konsepsiyasında Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verilir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31