Heç bir qüvvə Türk dünyasını parçalaya, bu birliyə qarşı nifaq sala bilməyəcək” – İlyas Hüseynov- ÖZƏL

Türk Dövlətləri Təşkilatının (TDT) 21 mayda Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilatın müşahidəçi üzvü olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) iştirak etməyib.

Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasıbda bildirib ki, Şimali Kiprin iştirak etməməsi Türk birliyində parçalanma yaratmayacaq:

"Türk Dövlətləri Təşkilatının (TDT) 21 mayda Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin iştirak etməməsi böyük suallar yaradıb və müzakirələrə səbəb olub. Çünki Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen bir müddət əvvəl Səmərqənddə Mərkəzi Asiya ölkələri ilə görüş keçirdi və burada bütün 5 Mərkəzi Asiya dövlətlərinin iştirakı müşahidə olunurdu.
Həm Kiprin cənub hissəsinin tanınması, diplomatik münasibətlər qurulması məsələsi həm Quzey Kipr Türk Cümhuriyyətində, həm Türkiyədə, həm də Azərbaycanda geniş müzakirə olundu. Hətta Mərkəzi Asiya ölkələrinə bu "dırnaqarası xidmətləri" və atılan addımlar müqabilində maliyyə vəsaiti vəd olunmuşdu.
Bütün bu görüşün nəticəsi isə Türk birliyi ideyasının, Turan dünyası ideologiyasının bir qədər kənara atılması və eyni zamanda parçalanma kimi qiymətləndirildi.
Lakin Bişkekdə keçirilən sammitdə Şimali Kipr Türk Cümhuriyyətinə olan dəstək və bununla bağlı xüsusi sənədin imzalanması, qardaş Türkiyənin "yavru vətən" konsepsiyasının əhəmiyyətinin vurğulanması onu deməyə əsas verir ki, bu proses heç də Türk dünyasına qarşı qənim kəsilən qüvvələrin istədiyi kimi getmir. Əksinə, münasibətlər yeni mərhələyə qədəm qoyur və inkişaf etdirilir. Qarşıdakı dövrdə Ərsin Tatarın bu toplantılara qatılması da müşahidə olunacaq. Bu isə onu göstərir ki, heç bir qüvvə Türk dünyasını parçalaya, bu birliyə qarşı nifaq sala bilməyəcək".
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31