Xarici müdaxilələr yox, birbaşa dialoq vacibdir- ÖZƏL
16:47 SiyasətABŞ dövlət katibi Marko Rubio bildirib ki, onların əsas diqqəti Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına yönəlib. ABŞ bu prosesə aktiv şəkildə qoşulub və silahlı qarşıdurmaların qarşısını almağa çalışıb.
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan bu məsələləri artıq özləri həll edə biləcək vəziyyətə gəliblər:
"Hesab edirəm ki, sülh təşəbbüslərinin hər birisini alqışlamaq lazımdır. İstər ABŞ göstərsin, istər Rusiya, istərsə də Avropa bunun fərqi yoxdur. Bütün sülh təşəbbüslərini, təşəbbüs göstərənlərin bu cəhdlərini alqışlayırıq, alqışlamaq lazımdır.
Amma mənə elə gəlir ki, artıq Azərbaycanla Ermənistan özü bu məsələləri həll edə biləcək və bundan sonra özləri anlaşa biləcək bir şəkildə münasibətləri inkişaf etdirə biliblər. Xüsusən də Azərbaycan bu məsələləri elə tənzimləyib ki, Ermənistan artıq Azərbaycanın təklifi, tələbi, diktəsi və şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu tapmayıb.
Belə bir məqamda Amerikanın və ya başqa bir tərəfin müdaxiləsi - nə qədər ki, biz sülh təşəbbüslərini alqışlayırıq - belə bir zamanda onların cəhdləri, müdaxilələri məncə, arzulanan effekti verməyə bilər.
Çünki bundan əvvəl də görüşlər, müzakirələr Amerikada, Avropada, Rusiyada baş tutdu, amma biz o lazım olan nəticələri görə bilmədik. Ona görə də mən düşünürəm ki, daha çox iki tərəf arasında, neytral ərazilərdə, platformalarda və ya şərti sərhəddə nümayəndələrin görüşləri ilə bu istiqamətdə məsələlər irəli aparıla bilər".
Zeynəb Mustafazadə