“Azərbaycan yaşıl enerji sahəsində artıq ilkin addımlar atır …”— ÖZƏL
17:03 Siyasətİran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycanla "yaşıl enerji" sahəsində əməkdaşlıq mümkündür. O deyib ki, Araz çayı üzərində tikilmiş və tikilməkdə olan su bəndlərindən enerji almaq olar. Həmçinin günəş və külək enerjisi sahəsində də iki ölkə birgə işləyə bilər.
Azərbaycan və İranın "yaşıl enerji" sahəsində əməkdaşlığı hansı real layihələrlə başlaya bilər və bu əməkdaşlıq bölgəyə nə qazandıra bilər?
Mövzu ilə bağlı politoloq Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında təkcə yaşıl enerji sahəsində deyil, ümumilikdə bütün sahələrdə əməkdaşlıq potensialı kifayət qədər genişdir. O, bu fikrini aşağıdakı şəkildə əsaslandırıb:
"Biz nəzərə almalıyıq ki, Güney Azərbaycan torpaqları İranın nəzarətindədir. Yəni Araz çayının o tayında yerləşir. Orada bizim soydaşlarımız yaşayır. Dini, bir canı, bir olan soydaşlarımız var. Əlbəttə ki, Azərbaycan Respublikasının həm də o soydaşlarımızı düşünərək İranla genişmiqyaslı işbirliyi etməsi vacibdir. O cümlədən də yaşıl enerji sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir."
Azər Həsrət bildirib ki, Azərbaycan yaşıl enerji sahəsində artıq ilkin addımlar atır və bu istiqamətdə ciddi işlər görülür: "Xüsusən də külək enerjisindən istifadə sahəsində Azərbaycanda işlər gedir. Əlavə olaraq, günəş enerjisindən alınan elektrik enerjisi ilə bağlı fəaliyyətlər də genişləndirilir. Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş Qarabağ torpaqlarında və Şərqi Zəngəzurda da bu istiqamətdə mühüm işlər aparılır."
Onun sözlərinə görə, Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq perspektivləri genişdir: "Düşünürəm ki, məhz o istiqamətdən - yəni Qarabağ və Şərqi Zəngəzurdan Azərbaycanla İran arasında işbirliyi etmək mümkündür. Araz çayından birgə istifadə də burada, əlbəttə ki, diqqətdən qaçırılmamalıdır."
Siyasi şərhçi hesab edir ki, Azərbaycan Respublikasının Araz çayının o tayında - Güney Azərbaycanda görə biləcəyi və görməli olduğu çoxlu işlər var: "O cümlədən də yaşıl enerji sahəsində. Yəni biz nə qədər çox bölgəyə diqqət ayırsaq, bu, perspektiv baxımından çox faydalı olacaq. İstənilən halda Güney Azərbaycan başqa bir dövlətin ərazisi olsa da, bizimdir, oradakı insanlar bizimdir. Orada görülən işlərin faydası bizim insanlarımız üçündür. Azərbaycan Respublikası da sadəcə olaraq, öz sərhədləri içində qapanıb qalmamalıdır."
Azər Həsrət çıxışında Azərbaycan Prezidentinin regional və milli birlik istiqamətindəki siyasətini də vurğulayıb: "Xatırlayırsınızsa, bir neçə il bundan öncə qardaş Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edərək bildirmişdi ki, biz sadəcə olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində olan türklərlə deyil, bundan kənarda olan türklərlə bağlı da iş görməliyik. Bax, Azərbaycanın bu istiqamətdə atdığı addımlar, düşünürəm ki, o qəbildəndir. Yəni sadəcə olaraq öz dövlətimiz çərçivəsində deyil, dövlətimizin hüdudlarından kənarda da ulu yöndə işlər görülür."
Siyasi şərhçi həmçinin Prezident İlham Əliyevin yaxınlarda Çinə etdiyi səfərə də toxunub: "Yeri gəlmişkən, elə bu yaxınlarda Prezident İlham Əliyevin Çinə səfəri zamanı Naxçıvanla Urumçi arasında dostluq və qardaşlıq haqqında memorandumun imzalanması da bu qəbildəndir."
Sonda o qeyd edib: "Yəni bizim istər Güney Azərbaycan, istərsə də başqa coğrafiyalarda yaşayan türk qardaşlarımızla ortaq işlər görməyimiz ümumi işin xeyrinədir. O baxımdan, Azərbaycanla İran arasında istər yaşıl enerji, istərsə də digər sahələrdə əməkdaşlıq həm də bizim Güney Azərbaycandakı soydaşlarımıza böyük fayda verəcək."
Gülxanım Əliyeva