Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
08:42 SiyasətHindistanla Pakistan arasında artan gərginliyin miqyası sadəcə bu iki ölkə ilə məhdudlaşmır. Tərəflər arasındakı diplomatik və hərbi qarşıdurma artıq Azərbaycan və Türkiyəyə də sirayət edib. Məlumata görə, Hindistanın Qoa şəhərində villa və turistik evlərin Azərbaycan və Türkiyə vətəndaşları tərəfindən rezervasiya edilməsinə qadağa qoyulub.
Bununla yanaşı, "Caynizm təriqəti"nin Əhmədabaddakı üzvləri Bakıya planlaşdırdıqları 800 nəfərlik səfəri ləğv ediblər. Məşhur hindli müğənni Vişal Mişra isə heç vaxt Azərbaycan və Türkiyədə konsert verməyəcəyini bildirib. Hindistanın "ixigo" onlayn səyahət platforması da Azərbaycan, Türkiyə və Çin istiqamətində olan bütün hotel və uçuş rezervasiyalarını ləğv edib, bu ölkələrə təşkil olunan turları dayandırıb.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, Dehlinin Bakı və Ankaraya qarşı qərəzli mövqeyinin iki əsas səbəbi var:
"Birinci səbəb Azərbaycanın strateji mövqeyini qoruduğu "Orta dəhliz" layihəsi və onun gələcəyini formalaşdıracaq Zəngəzur dəhlizi ilə bağlıdır. Hindistan "Orta dəhliz"in, özünün aparıcı rol oynadığı Şimal-Cənub nəqliyyat dəhlizini zəiflədəcəyi və bunun Çinlə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində daha da güclənəcəyinə görə narahatdır. Elə Dehlinin Ermənistanla intensivləşən hərbi-siyasi əməkdaşlığı və "Sülh kəsişməsi" ideyasına verdiyi dəstəyin kökündə də bu narahatlıq dayanır.
İkinci səbəb isə Azərbaycan-Türkiyə-Pakistan ittifaqının artan gücü və Hindistanın burada yer almaması ilə bağlıdır. Bu üçlüyün güclənməsi regionda qüvvələr balansını dəyişə bilər.
Ümumiyyətlə, Hindistanın boykotu əhəmiyyətsizdir. Bu ölkənin Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı tətbiq etdiyi məhdudiyyətlər əslində praqmatik təsirə malik deyil. Vətəndaşlarımızın Hindistana səfər üçün "sıraya düzülməsini" təsəvvür etmirəm".
Deputat əlavə edib ki, bu gün Azərbaycanda hind filmlərinə və musiqisinə maraq, bəlkə də, əhalinin 0.001%-dən də az hissəsinə aiddir:
"Hindistanlı turistlərin ölkəmizə töhfəsi isə olduqca zəifdir. Məsələn, 10 hindistanlı turistin xərclədiyi vəsait bir avropalı turistin xərclədiyindən azdır.
Hindistan istehsalı olan dərman vasitələrinin ölkəyə idxalı da ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir. 2023-2024-cü illərdə bu ölkədən Rusiyaya idxal edilən dərmanların 42%-nin keyfiyyətsiz olduğu üçün dövriyyədən çıxarıldığı faktı bunu sübut edir. Azərbaycanda isə Hindistandan gətirilən dərmanların keyfiyyət problemi hələ də davam edir.
Vişal Mişranın qərarı hind filmlərindən də gülüncdür. Azərbaycan böyük mədəniyyətə sahib bir ölkədir və bu baxımdan Hindistandan heç bir kompleks keçirmir. O ölkədə şəxsi gigiyena və ictimai davranış mədəniyyəti ilə bağlı problemlər var. Onlar əvvəlcə mədəniyyətin əlifbasını öyrənsinlər, sonra konsert mövzusunda danışsınlar".
Türkiyəli politoloq Hüsaməddin İnaç isə bildirib ki, Dehlinin Bakı və Ankaraya qarşı sərgilədiyi sərt mövqe hələ 2020-ci ildəki 44 günlük müharibəyə qədər uzanır:
"O vaxt Pakistan və Türkiyə Azərbaycanın yanında oldu, Ermənistan isə Hindistanın dəstəyini aldı. Dehli bu münaqişədən sonra da İrəvanı silah-sursatla ən çox təmin edən ölkə oldu. Rusiya ilə yanaşı, Hindistanın Ermənistana silah yardımı daha sistemlidir. Bu ölkə Yunanıstan və Kiprlə birlikdə Türkiyəyə qarşı blok yaratmağa çalışdı, amma uğursuz oldu.
Hindistanın Baş naziri Narendra Modinin irqçi və islamofob düşüncələri onun daxili və xarici siyasətinə birbaşa təsir edir. Azərbaycana və Türkiyəyə qarşı sərgilənən qərəzli münasibət də bu ideoloji baxışın təzahürüdür.
Hindistan Azərbaycan və Türkiyəyə ehtiyac duymadığını düşünə bilər, amma əslində bu belə deyil. Quru yolu ilə Avropaya çıxmaq istəyirsə, bu iki ölkənin geostrateji əhəmiyyətindən yan keçə bilməz".
Turan Rzayev
Globalinfo.az