“Bu gün Azərbaycan regionda yeni siyasətin banisidir” – Ramiyə Məmmədova – ÖZƏL

Azərbaycan 2025-ci il 3-4 iyulda Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII sammitinə ev sahibliyi edəcək. Bu tədbir təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də regionda baş verən geosiyasi dəyişikliklərin simvoluna çevrilir.

"Xankəndində keçiriləcək tədbir bir daha göstərir ki, Azərbaycan Qarabağın və Xankəndinin tarixi sahibidir. Bu tədbir vasitəsilə Azərbaycan dünyaya açıq şəkildə bəyan edir ki, bu torpaqların sahibi  Azərbaycandır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni siyasət kursu müəyyən edərək iqtisadi rifah və beynəlxalq əməkdaşlıq əsasında regionun aparıcı siyasi, iqtisadi və hərbi gücünə çevrilib:

"Azərbaycan bu gün regionda yeni bir siyasətin banisidir. 44 günlük Vətən müharibəsindən sonra  Azərbaycan regionda gedən proseslərə yeni bir yol açdı və bu yolun əsasında iqtisadi rifah dayanır. Təbii ki, iqtisadi rifahın artması siyasi sabitliyin möhkəmlənməsi ilə birbaşa bağlıdır və bu da ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu o deməkdir ki, müharibədən sonra Qarabağda gedən proseslər nəticəsində  Azərbaycan yeni bir yol müəyyənləşdirərək, dünyanın və xüsusilə maraqlı ölkələrin diqqətini bu regiona cəlb edə bildi. Beləliklə,  Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan regionun ən güclü dövlətinə çevrilib. Bu gün  Azərbaycan regiondakı iqtisadi və siyasi prosesləri tənzimləmək, istiqamətləndirmək gücünə malikdir. 
Regionda baş verən bütün prosesləri qlobal siyasətə inteqrasiya etmək  də Azərbaycanın məqsədlərindən biridir. Belə ki, tədbirə qatılan nümayəndə heyətləri və təşkilat rəhbərləri bu gün  Azərbaycanda toplaşacaq. Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir və bu tədbir də İqtisadi Əməkdaşlıq Təşkilatına ev sahibliyi baxımından mühüm rol oynayacaq. Təbii ki, burada da Azərbaycan öz sözünü deyəcək. Bunun bariz nümunələrini biz COP29 və digər beynəlxalq tədbirlərdə görmüşük. Prezidentin çıxışlarında da bu xüsusilə vurğulanır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayı artdıqca, ölkəmizin nüfuzu da bir o qədər artır. Bu, Azərbaycanın regionda güclü bir oyunçuya çevrildiyini bir daha nümayiş etdirir".

Siyasi şərhçinin sözlərinə görə, Qarabağda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın suverenliyini və artan regional gücünü nümayiş etdirməklə yanaşı, sülh müqaviləsinin imzalanmasına təkan verir və onu regionun əsas söz sahibinə çevirir.

"Təbii ki, tədbirə qatılacaq dövlət və təşkilat rəhbərləri də bütün bunların bir daha şahidi olacaq. Regionda müharibə bitsə də, hələlik sülh müqaviləsi imzalanmayıb. Bu baxımdan, belə tədbirlərin xüsusilə Qarabağda keçirilməsi Ermənistan və onun havadarlarına açıq bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edib və bu torpaqlar üzərində suverenliyini bərpa edib.
Bu tədbirlər həm də sülh müqaviləsinin imzalanması prosesinə təkan verir. Ermənistan və onun tərəfdarları başa düşməlidirlər ki, regionda baş verən iqtisadi və siyasi proseslərdə iştirak etmək istəyirlərsə, bunun yeganə yolu sülh müqaviləsinin bağlanmasından keçir. Bu müqavilə bağlandıqdan sonra regionda sülh və əmin-amanlıq tam şəkildə bərpa oluna bilər. Bütün bu aspektləri nəzərə aldıqda görürük ki, Azərbaycanın mövqeyi günü-gündən güclənir. Azərbaycanın həm Türkiyə ilə olan münasibətləri, müxtəlif sahələrdə imzalanmış sazişlər, eyni zamanda Rusiya ilə əməkdaşlıq münasibətləri ölkəmizi daha da güclü bir dövlətə çevirib. Digər tərəfdən Pakistan, Çin, Gürcüstan və İranla qurulan müsbət münasibətlər də Azərbaycanın regional güc kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın regionda artan rolu həm logistik layihələrə marağı artırır, həm də bölgəyə daha çox sərmayənin cəlb olunmasına şərait yaradır. Balaca bir dövlət olsa da, Azərbaycan bu gün regionda söz sahibi olan mühüm bir ölkəyə çevrilib".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31