“Yalquzaq"

Qazi yazar Zaur Bayramoğlu növbəti kitabı ilə                   yenə cəmiyyətin ədəbi mühitini başına yığdı

Bugünlərdə "Libraff"kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü qazi yazarımız Zaur Bayramoğlunun "Zərdabi Nəşr" MMC tərəfindən nəşr olunmuş "Yalquzaq" kitabının kitabsevərlərə təqdimat mərasimi keçirildi.

Bu, müəllifin oxucularla 9-cu görüşüdür. "Döyüşlə kəşfiyyat", "Öz üzərində qələbə", "Adı­nı sən qoy", "Alabaş", "Qara mamba", "Yolda" və "Fədailər" kitabları ilə o, "Yal­qu­­zaq" a bir yaradıcılıq, mübarizə yolu gəlmişdir. Bundan əvvəlki kitablarında olduğu kimi, "Yal­­quzaq" da 1988-ci ildən başlayaraq, xalqımızın başına gətirilmiş müsibətlərə qarşı sinə gərən Azərbaycan gənclərindən, vətənpərvər tələbələrdən və snayper Humayın həyatından bəhs edir. Müəllif istəyir ki, müharibənin bir millətə gətirdiyi ağrı-acıları, faciələri, həm də qəhrəmanlığı onun kitablarından da öyrənilsin. Buna onun tam haqqı var. Kitabın bədii tərtibatını və araya-ərsəyə gəlməsinin bir çox əziyyətini yenə də filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Əminə İbrahimli öz üzərinə götürüb.

Qeyd etdiyimiz kimi, Zaur Bayramoğlu özü də Vətən qazisidir. 2001-ci ildə hərbi xidmət zamanı vəzifə borcunu yerinə yetirərkən, mina partlayışı nəticəsində ağır yaralanıb. Bundan sonra onun mübarizəsi fiziki cəhətdən mümkün olmasa da, mənəvi cəhətdən mücadiləsinə davam edib. Silahını qələmlə əvəz edib, millətinin gənclərinə müharibənin mahiyyətini, yurdunu qorumağın candan, insanın gözlərindən də önəmli olduğunu öyrətməyə, inandırmağa çalışıb. Ən bariz nümunə isə özüdür. Zaur oxuculara təqdim etdiyi hər kitabı ürəyinin təpəri, ruhunun işığı ilə yazıb. Çünki artıq dünyaya özünün yaratdığı işıqdan baxa bilir.  

Onun "Adını sən qoy" adlı kitabı əvvəlcə Azərbaycanda, sonra da Anadolu türkcəsində Türkiyədə yüksək tirajla çap olunub. Kitabın amacı Azərbaycan xalqının dünəni, bugünü, son 30 ildə yaşadıqları haqqında qardaş türk xalqına məlumat verməkdir. Ötən il Türkiyə Yazarlar Birliyinin Ankara şöbəsində "Adını sen koy" kitabının geniş təqdimatı keçirildi.

Döyüş dostlarının adını "Yalquzaq" qoyduqları snayper Humay Azərbaycanın azadlıq hərəkatının önündə gedən gənclərinin simvoludur. Düşmən bir çox humaylarımızı, "Yalquzaq"larımızı öldürüb, şəhid edib, amma qürurunu, şərəfini, vətən sevdasını öldürə bilməyib. Müəllifin bir məqsədi də olur ki, oxucular, xüsusilə gənclər böyük Zəfərimizin bu cür ölməz iradəsi hesabına qazanıldığını öyrənsin. İndi Qarabağın hər addımında yüzlərlə humaylar yatır. Onlar torpağın altında yatır ki, bizlər o torpağın üstündə xoşbəxt yaşayaq.    

1988-ci ildə Bakı Dövlət Universitetinin yataqxanasında Kitabxanaçılıq fakültəsinin tələbəsi Əlisəfa Qədirovun təşəbbüsü və digər tələbə yoldaşlarının mübarizəsi ilə yaradılmış "YURD" birliyi bəlkə də ilk dəfə olaraq Zaur Bayramoğlu tərəfindən ədəbiyyata gətirildi. Kitabda nakam taleli Əlisəfanın və tələbə yoldaşlarının Azərbaycanın azadlıq hərəkatındakı apardıqları mübarizdən bəhs edilir.   

Tədbirin aparıcısı "Libraff" və "TEAS Press" in PR meneceri Sərxan Rüstəmov, kitabın redaktoru Əminə İbrahimli, tərcüməçi, Sədaqət Əhmədova, 1988-ci ildə Bakı Dövlət Univeriteninin tələbəsi, qəza nəticəsində gənc yaşlarında həyatdan köçmüş əlisəfa Qədirovun bacısı, filoloq Pərvanə Onurlu, AYB-nin üzvü Nəzakət Əhmədova, Azad Vətən Partiyasının sədri, ictimai xadim Akif Nağı, folklorşünas alim, AMEA Folklor İnstitutunda Xarici ölkələrlə əlaqələr bölməsinin sədri Əli Şamil, polkovnik-leytenant Əmir Musayev, Azərnəşrin redaktoru Rəsmiyyə Qarayeva  və başqaları çıxış edərək, qazi yazar Zaur Bayramoğlunun mübariz həyat yolundan, ibrətamiz şəxsi keyfiyyətlərindən, yaradıcılığındakı uğurlarından danışdılar.

Müəllif kitabın təqdimatında iştirak edən hər kəsə minnətdarlığını bildirdi, oxucularla görüşüb səmimi söhbət etdi və onların kitablarını imzaladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31