Məzələnmək -3- Yunus Oğuz yazır
10:51 ƏdəbiyyatYunus Oğuz
Felyeton
Deyirəm dünya dövlətləri bir-birilə məzələnir, Tramp da onların hamısı ilə. Dövlətlər məzələnə-məzələnə başlara bombalar yağdırır, sonra da Amerika prezidenti düşür ortalığa, guya onları sakitləşdirir. Ay xətakar, özün başladırsan, özün də barışdırırsan. Guya xəbərimiz yoxdur. Amma dövlətlər öz aralarında ciddi rəqabət aparırlar. Elə Hindistan-Pakistan arasındakı ildırım sürətli müharibəni götürək.
O gün bir video nümayiş etdirdilər sosial şəbəkələrdə. Hindistanın xüsusi təyinatlıları dəvə üstündə parad edirdilər. Bunlar hələ də elə bilirlər ki, Bollivudda film çəkirlər. Sizin ayıbınızı min ildi türklər örtürdü. İndi nə oldu? Di gedin...
Müsəlman qardaşlarımız Hindistana necə dərs verdisə, Fransadan Hindistana gətirilən qırıcıların ayaqları göydə qaldı. İndi misyo Makron bu qırıcıları dünyaya necə satacaq? Ermənistan da gör kimə arxayındır? Ermənilər xoruzu özünə simvol edən fransız bacılarına o qədər arxayın idilər ki, dal-dala gedib Rusiyanın qucağına təzədən düşdülər. Bacılıq belə olar, e....
Amma Putinin də işi məzələnməkdən keçib.., vəziyyət amerakancadır, yankilər onu getdikcə mərəyə gətirib çıxılmaz calaya salırlar, necə ki, Zelenskinin başına bunu gətirdilər.
Öz-özümə deyirəm ki, Mirzə, sənə lazımdır dünya siyasətində bir-birilə məzələnənləri axtarıb tapasan, onlara vedrə qoşasan? Gör özümüzdə nə qədər məzələnənlər var? O qədər məzə yazıları göndərirlər ki, mənim kimi ciddi qələm adamı az qalıram işdə də hamı ilə məzələnim, az qalır...
O gün saytlarda oxuyuram ki, kənd təsərrüfatında çalışan əməkdaşlarımız Somalidə günün altında qaralan qarabala qardaşları ilə qarşılıqlı yardım haqqında müqavilə bağlayıblar. Gülməkdən özümü güclə saxlayıb, əlimi ağzıma tutub pıqqapıq elədim. Rəhmətliyin uşaqları, Somalidə üç ildir yağlş yağmır, e... Quyudan qırmızı su çıxardıb içirlər. Onlara nə yardım edəcəksiniz? Özümüzü bir günə çıxartdınız, qaldı Somali. Kənd təsərrüfatı məhsullarının ixracını dayandırıb idxala keçmisiniz. Ay, hay... Xaricdən gətirilən genetik modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir, hətta Türkmənistandan "xəstə" pomidorlar gətirirlər. Nə isə, təsərrüfatın başbilənləri Somaliyə gedib-gəlməyi yaxşı bilərlər, deməli ortada "otkat" məsələsi var.
Deməli Qələbə dairəsindən İnşaatçılara gedən yolda metroya çıxmaq üçün əngəlli adamların arabaları üçün qəşəng xüsusi yol çəkilib, amma pilləkənlarə qədər, yolçəkən dadaşlar bura çatanda arabalarla məzələniblər. Burada araba yolu qurtarır. Bəs, bu binəvalar iyirmiyə yaxın pilləkəni necə çıxsınlar, arabanı buraxıb sürünə-sürünə? Yəqin dadaşlar elə bilirlər ki, onlar yeriyə bilərlər, zəhmət çəkib qalxsınlar.
Hələ buna bir bax. Bu yaxınlarda Qazaxıstanda görmə əngəlliyi olan cudoçuların Dünya çempionatı keçirilib. Azərbaycandan da iki cudoçumuz uğurla çıxış edib. Yarış vaxtı məlum olub ki, bunların heç bir görmə əngəlliyi yoxdur. Sadəcə olaraq dünya çempionatı ilə məzələniblər. Federasiya da bunlarla məzələndi; ömürlük qırmızı kart. Uşaqlarda fərasətə bax... e.
Ləzzətli məzələnmə məişət səviyyəsində olur.
Biri toyda qəşəng vurur, açarı itirir. Dostları bununla məzələnib "təkər"ə salırlar. Deyirlər ki, çox içkilisən "ayıq sürücü" çağır və telefonun nömrəsini verirlər. Bu da eləmə tənbəllik "ayıq sürücü" çağırır. Dostları da arxadan onu izləyirlər. "Ayıq sürücü" nə illah eləyir maşın parkında onun maşınını tapa bilmir. Axırda kişinin əlindən telefonu alıb ev nömrəsini tapıb zəng edir. Dəstəyi arvadı götürür. "Ayıq sürücü" deyir:
-Bacı, ərin piyandı, maşını tanımır. Siz maşının nömrəsini deyin, onu gətirim evə.
Qadının başına elə bil od ələnir. Hirslə deyir:
-Onun boyunu yerə soxum, onun maşını var ki, sürüb gətirəsən? - hirslə telefonu qapadır. Dostlar da kənardan baxıb hırıldaşırdılar. Nə isə, bu sərxoşu maşına qoyub gətirirlər evə. Kişi də pallı-paltarlı atır özünü çarpayının üstünə, başlayır xoruldamağa.
Gecənin bir yarısında arvad kişini silkələyib oyadır. Kişi yarıyuxulu soruşur:
-Yenə nə olub?
Arvad onun üstünə yeriyir:
-Zəhrimar olub, de görüm Nadejda kimdir? Bayaqdan onun adını çəkib sayıqlayırsan.
Kişi başa düşür ki, zibilə düşüb, onunla məzələnir:
-Arvad, yuxuda gördüm ki, Leninəm. Əgər mən o dahi rəhbərəmsə, kimin adın çəkməliyəm, əlbəttə Nadejdanın.
Ər-arvad bərk dalaşırlar. Arvadın dığ-dığından bezən ər ayağa durur, pencəyini və adaptorunu götürüb deyir:
-Bir halda ki, sən məni Lenin, özünü də Nadejda kimi qəbul etmirsən, onda gedirəm sənin ən eybəcər rəfiqənin yanına. - Qapını çırpıb çıxıb gedir.
Yarım saatdan sonra arvadın əsəbi keçir, rəfiqəsinə zəng edir:
-Ərimlə bərk dalaşdıq. Dedi ki, mənim acığıma ən eybəcər rəfiqəmin yanına gedir. O sənin yanında deyil?
Görürsən, dostları onunla məzələnir, o arvadı ilə, arvad rəfiqəsilə. Axırda barışırlar, həyat axarına düşür. Kişi evə qayıdandan sonra arvadı soruşur ki, bəs adaptoru niyə götürmüşdün? Kişi də cavab verir ki, əvvəllər kişi evdən çıxanda papağı götürərdi. İndi isə ən vacibi adaptordu.
Bir gün bir tanışım məndən soruşur:
-Mirzə, sən bilərsən, Bakıda niyə əsas xəstəxanaların çoxu Nəsimi rayonundadır?
Düşünmədən cavab verdim:
-Çünki xəstələr bilməlidirlər ki, onları nə gözləyir.
Qayıtdı:
-Demə, Mirzə, demə. O gün getmişdim həkimə, müayinədən öncə dərdimi danışdım. Həkim bir qədər fikirləşib cavab verdi ki, səndə "P" vitamini çatmır. Soruşdum ki, o nə vitamindir? Sən demə pul imiş. Nə isə dedim həkim, kürəyimin yuxarı hissəsi çox pis ağrıyır, nədən ola bilər? Həkim sual verdi ki, içki, siqaret çəkirsən? Dedim yox. Xəyanət edirsən? Dedim yox. Həkim başladı mənimlə məzələnməyə. Dedi ki, sən bir mələksən qanadların çıxır. Səndə heç zad yoxdur. Başa düşdüm ki, "P" vitamini məndən qaçaq düşüb.
Belə-belə işlər. İndi hamı məzələnməklə işini yola verir, hətta məktəbli də. İnanmırsız di oxuyun.
Müəllim tarix dərsində şagirddən soruşur:
-Hüseyn, dur Nadir Şah haqqında danış, görüm dərsə hazırsan.
Nə hazırlıq, uşaq əlinə kitabı götürəndə onu yuxu basır, elə bil yuxu dərmanı içib, amma özünü itirmir, cavab verir:
-Müəllim, mən ölülərin arxasınca danışmıram.
Fərasətə bax, e... çox qabağa, ya da uzağa gedəcək.
Madam ki, ölülərdən söhbət açıldı, başıma gələn birini də danışım.
Yas yerindəyəm. Hamı sakit yemək yeyir. Gələn taqqıltı qab-qacağın səsidir. Doxsan yaşlı tanışımın yanında oturmuşam. Çadırda arada yalnız bir nəfərin səsi gəlir:
-Ay qaa, ə... ə... aş gətir, qara gətir, çörək qurtardı.
Yanımdakı ağsaqqal qulağıma pıçıldadı:
-Mirzə, doxsan yaşım var, yaşamaqdan bezmişəm, amma sırf bu qurumsaq, əclaf gəlib yeyib-içməsin deyə ölmürəm. Gəlib qarnını otarıb gedir. Bir ara yeməyi yığışdırmışdılar. Ölü yiyəsi borca düşmürdü. İndi gedib kredit götürür, ölüsünü yola salır, sonradan başlayır banka işləməyə. - Sonra da mollaya baxıb əlavə etdi: - Bu mollanı görürsən sovetin vaxtından işini taraz tutub. Bunun işi dirilərlə deyil, ölülərlədir. O vaxt ölülərin hesabına bir maşın alıb gedir QAİ-yə. İşçiyə deyir ki, adıma layiq bir nömrə ver. Milis işçisi də bunun dabbaqda gönünə bələdmiş. Götürür buna 37-40 nömrəsini verir. Molla nömrəni görüb sorüşür ki, bu nədir, demədimmi layiqlisini ver. O da qayıdır ki, molla, bundan layiqlisi varmı, 3-ü, 7-si və 40-ı, Allah qəbul eləsin.
İstədim cavab verim, molla fatihə verdi. Yeməkdən sonra mollaya sual verəcəkdim, hadisə də olub. Verilişlərin birində məşhur din xadimi deyir ki, o biri dünyada hər qadın öz ərilə birlikdə olacaq. Tamaşaçı qadınlardan biri soruşur ki, mən dörd dəfə ərdə olmuşam. İndi mən hansı ilə bərabər olacam o biri dünyada?
Görən bizim molla buna nə cavab verəcəkdi. Amma sualı içimdə saxladım.
Bu da belə. Trampdan başlayıb o biri dünyada qurtardıq. Elə hamının da üzü gec-tez o yanadır.
Di sağ olun! Çalışın məzələnin, amma təkərə düşməyin!
P.S.Mayın 9-da İmişlidə Ağsaqqallar Şurasının sədri kənddə SSRİ bayrağını qaldırıb, döşünə "Georgiy" lentini taxıb dövlətimizlə məzələnib.Sanki bununla Moskvaya xəbər göndərmək istəyib ki, "dondurulmuş agentlər" hələ ölməyib. Ay məzən olsun! Səninlə də məzələnən tapılar.!
13.05.25