21-ci əsr, şübhəsiz ki, Türk əsri olmalıdır –İlyas Hüseynov- ÖZƏL
13:14 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Fransa liderləri ilə telefon danışığında Rusiya-Ukrayna müharibəsində sülh prosesinin bərpasını müzakirə edib. O, Putinin 15 mayda İstanbulda ön şərtsiz sülh danışıqları təklifini alqışlayaraq, Türkiyənin bu təşəbbüsə tam dəstək verdiyini bildirib.
Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib ki, Türkiyə tərəflərin etibar etdiyi platforma rolunda çıxış edir:
"Türkiyə böyük bir coğrafiyada sülhü, təhlükəsizliyi və sabitliyi dəstəkləyir, eləcə də təşviq edir. Xüsusilə vurğulanmalıdır ki, Yaxın Şərqdə Suriya zəfərindən sonra Türkiyənin beynəlxalq nüfuzu bir qədər də möhkəmlənib. Rusiya-Ukrayna müharibəsində tərəfsiz vasitəçi kimi Türkiyə özünü göstərir və bundan öncə Antalyada, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərini qardaş Türkiyə bir araya gətirə bilmişdi. Eyni zamanda Taxıl Sazişinin əldə olunmasında, Rusiya və Ukrayna arasında razılığın əldə olunmasında da Ankaranın rolu danılmazdır. Bu baxımdan, mayın 15-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpası və davam etdirilməsi ilə bağlı razılaşmanı mühüm addım hesab etmək olar. Türkiyə tərəflərin etibar etdiyi platforma rolunda çıxış edir və burada etimad mühitinin gücləndirilməsinə, atəşkəsin təmin olunmasına, dayanıqlı sülhün bərqərar olunmasına əlindən gələni edir. Bu mənada qardaş Türkiyənin beynəlxalq siyasi nüfuzu və reytinqi də bir qədər güclənir. Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. Biz Türkiyə ilə qardaş, dost, hərtərəfli siyasi müttəfiq dövlətik və Türkiyənin beynəlxalq arenada qazandığı hər bir uğuru öz uğurumuz kimi qəbul edir və Türk dünyasının bununla da güclənəcəyinə ümid edirik. 21-ci əsr, şübhəsiz ki, Türk əsri olmalıdır."
Zeynəb Mustafazadə