“Hindistanın son addımları yeni regional qarşıdurmanın xəbərçisidir” – Əli Mustafa – ÖZƏL

Hindistanla Pakistan arasında artan gərginlik artıq regional miqyası aşaraq  Azərbaycan və Türkiyəyə də təsir göstərib. Hindistanın Qoa şəhərində azərbaycanlı və türkiyəli turistlərə villa və otel rezervasiyası qadağan edilib. Əhmədabaddakı "Caynizm təriqəti" 800 nəfərlik Bakıya səfərini ləğv edib. Hindistanın məşhur müğənnisi Vişal Mişra isə Azərbaycan və Türkiyədə konsert verməyəcəyini açıqlayıb. Bundan əlavə, "ixigo" səyahət platforması bu ölkələrə aid bütün rezervasiyaları və turları dayandırıb.

Maraqlıdır, bu qərarlar Hindistanın regional siyasətində yeni bir istiqamət götürdüyünü göstərirmi?

"Son günlər Hindistanın  Azərbaycana və Türkiyəyə qarşı müəyyən məhdudiyyətlər tətbiq etməsi göstərir ki, Hindistan-Pakistan qarşıdurması hələ də davam edir. Bu qarşıdurma fonunda Türkiyənin və Azərbaycanın sərgilədiyi mövqe - yəni Pakistana verdiyi dəstək - Hindistan rəsmilərinin diqqətindən yayınmayıb. Amma düşünürəm ki, məsələ bununla bitmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, Hindistanın Türkiyə, Azərbaycan və Pakistana qarşı sərgilədiyi son addımlar regionda yeni bloklaşmanın formalaşdığını göstərir:

"Regionda sanki yeni bir bloklaşmanın şahidi oluruq və burada Hindistan artıq Pakistan, Türkiyə və Azərbaycanı qarşı blok olaraq ciddi şəkildə qəbul etməyə başlayır. Ola bilsin ki, gələcəkdə baş verə biləcək eskalasiyaları nəzərə alaraq, Hindistan bu ölkələrə qarşı indidən müəyyən məhdudiyyətlər tətbiq edir. Xüsusən də bu ölkələrdən turist axınının azaldılması və digər istiqamətlərdə əlaqələrin məhdudlaşdırılması nəzərdə tutulur. Bu, əlbəttə ki, dostluğa əsaslanmayan bir münasibətdir. Hindistan əslində həm Pakistan, həm də onun müttəfiqləri olan ölkələrlə - o cümlədən Türkiyə və Azərbaycanla - münasibətləri normallaşdırmağa çalışmalıdır. Lakin görünən odur ki, Hindistan bunun əksinə davranır və bu da onun regionda gərginliyin qalmasında və dərinləşməsində maraqlı olduğunu göstərir. Bu vəziyyət Hindistanın daxilində və ətrafında mövcud olan müəyyən güclərin daha geniş planlarının tərkib hissəsi ola bilər. Ümumiyyətlə, Azərbaycanın və Türkiyənin Pakistana dəstəyi tamamilə doğrudur. Yaranmış vəziyyət bir tərəfdən bu iki ölkənin siyasi seçimi ilə bağlı olsa da, digər tərəfdən Hindistanın özü tərəfindən yürüdülən siyasətin nəticəsidir".

Siyasi şərhçi vurğulayıb ki, Hindistanın Azərbaycan və Türkiyəyə qarşı sərgilədiyi mövqe əvvəlcədən planlaşdırılmış siyasi kursun tərkib hissəsi olaraq regionda qarşıdurmanı dərinləşdirir.

"Hindistan uzun müddətdir ki, Azərbaycana qarşı Ermənistanı dəstəkləyən mövqe sərgiləyir və bu çərçivədə Ermənistana silah satışını davam etdirir. Ümumilikdə, Hindistanın türk və müsəlman dünyasına qarşı mənfi münasibəti, islamofob siyasəti özünü müxtəlif formalarda göstərir. Belə görünür ki, Hindistanın Pakistana qarşı sərgilədiyi düşmənçilik mövqeyi təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış bir siyasətin nəticəsidir. Bu fonda Türkiyə və Azərbaycanın rolu bəlkə də Hindistanın mövqeyində əsas faktor olmayıb. Yəni, Hindistan əvvəlcədən müəyyən etdiyi siyasi kurs üzrə hərəkət edir və bu kurs çərçivəsində digər dövlətlərlə, xüsusilə də Fransa, Yunanıstan, ABŞ və İsraillə münasibətlərini gücləndirir. İranla da Hindistanın müəyyən dərəcədə yaxın əməkdaşlıq əlaqələri mövcuddur. Hələlik Hindistanın aid olduğu siyasi blok tam olaraq aydın deyil, lakin artıq Pakistan, Türkiyə və Azərbaycana qarşı sərgilədiyi münasibət göstərir ki, Hindistan bu bloku öz qarşısında müəyyən edib. Bizə qarşı sərgilənən münasibət isə, təbii ki, dostcasına deyil. Bu münasibət Hindistan tərəfindən artıq açıq şəkildə ifadə olunmağa başlayıb və gələcəkdə bu xəttin daha da sərtləşməsi, qarşıdurmaların dərinləşməsi və bloklaşma prosesinin genişlənməsi istisna olunmur. Görünür, Hindistan bu nəticələri gözə alıb və atdığı addımlarla bir növ bizi də müəyyən tədbirlər görməyə vadar etməyə çalışır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31