Ramiyə Məmmədova: İran nüvə silahını təhlükəsizlik vasitəsi kimi görür – ÖZƏL
11:23 Siyasətİran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi nüvə silahı istəmir, lakin dinc nüvə enerjisinə sahib olmaq hüququndan imtina etməyəcək.
Maraqlıdır, İranın bu mövqeyi Qərblə münasibətlərində gərginliyi artıracaq, yoxsa azaldacaq?
"İran siyasətini dəyərləndirərkən nəzərə almaq lazımdır ki, bu ölkə uzun illərdir nüvə silahı sahəsində fəaliyyətlərini artırmaqla məşğuldur. Trampın prezidentliyinin birinci dönəmində onun İranla bağlanmış nüvə sazişindən çıxması, Tehranda belə bir düşüncəni gücləndirdi ki, ABŞ istənilən vaxt verdiyi öhdəliklərdən imtina edə bilər. Bu da onu göstərir ki, İran daim təhdid altındadır. İran üçün İsrail kimi açıq düşməni olan və bu dövləti dəstəkləyən əsas ölkə isə Amerikadır. ABŞ-nin nüvə sazişindən çıxması, İranın öz təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmasına səbəb olub. Bu gün artıq təkcə İranın prezidenti deyil, həm də ölkənin dini lideri və ümumilikdə siyasi kursu belə formalaşıb ki, İran öz təhlükəsizliyini təmin etmək üçün - xüsusilə İsrail və ABŞ-dən qaynaqlanan təhdidlərə qarşı - nüvə silahına sahib olmalıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O qeyd edib ki, İran regiondakı təhdidlərə qarşı nüvə silahını təhlükəsizlik vasitəsi kimi görür:
"İran dəfələrlə bəyan edib ki, hazırda nüvə silahı üzrə yalnız araşdırmalar aparılır və konkret olaraq silaha sahib deyillər. Ancaq buna baxmayaraq məlumdur ki, bu sahədə ölkədə geniş fəaliyyətlər həyata keçirilir. Uraniyum zənginləşdirilməsi və digər texniki məsələlərdə İran regionda öncül yerlərdədir. Bu da onu göstərir ki, İran bu istiqamətdə ciddi addımlar atır və yaxın Şərqdə öz təhlükəsizliyini təmin etmək üçün nüvə silahına bir seçim kimi baxır. Hazırda İranla ABŞ arasında danışıqlar aparılır. Bu danışıqların bir hissəsi üçüncü ölkələrin vasitəçiliyi ilə həyata keçirilir. Trampın birinci prezidentlik dövründə etdiyi səhvləri nəzərə alan Tehran, bu dəfə daha ehtiyatlı davranır. ABŞ isə bu danışıqlarda daha çox İsrailin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Ona görə də bu gün İranla aparılan danışıqların məqsədi daha geniş formatda sazişə nail olmaq və İsrailin təhlükəsizliyini qorumaqdır. Əlbəttə ki, İran bu prosesdə ABŞ-nin tələblərinə baxacaq və ona uyğun olaraq öz yol xəritəsini müəyyən edəcək".
Səidə Ramazanova