Süni şəkildə yaradılmış təzyiqlərin qarşısı Prezident İlham Əliyevin liderliyi ilə alınacaq- ÖZƏL
13:18 Siyasət"Deputat Tolstoyun Yekaterinburqda baş vermiş cinayət hadisəsi ilə bağlı verdiyi açıqlama, Rusiya təhlükəsizlik orqanlarının törətdiyi qətllərə, özbaşınalıqlara hüquqi don geyindirmək cəhdindən başqa bir şey deyil". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib:
"Bu deputat əvvəllər də, şovinist, imperiyapərəst, digər xalqlara qarşı aşağılayıcı, qatı milliyətçi bəyanatları ilə seçilirdi. Adam 19-cu, 20-ci əsrlərin standartlarından ayrıla bilmir. Tolstoy və onun kimi düşünənlərin sayəsində, ölkəsi beynəlxalq təcrid vəziyyətinə düşüb. Düşmənlərinin sayı günbəgün artmaqdadır. Məsələ ondadır ki, həmin adamlar təkcə keçmiş Sovet respublikalarının əhalisinə deyil, rusiyalı vətəndaşların, ələlxüsus Şimali Qafqazın müsəlman xalqlarına, digər milli azlıqların nümayəndələrinə də eyni münasibət bəsləyirlər. Milli azlıqların təməl hüquqları əllərindən alınır, tarixləri saxtalaşdırılır. Müharibələrdə isə, əsasən onlar irəli verilir. Ən çox itki verən də, onlardır.
Bütün bunlar onu göstərir ki, Rusiya kimi böyük bir dövlət, hüquqi dövlət quruculuğundan, demokratik, prinsiplərdən, ümumbəşəri dəyərlərdən çox uzaqdır. Azərbaycan müstəqillik qazandıqdan sonra stabil olaraq öz qonşularına qarşı ədalətli mövqe tutmuş, bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşdur. Heç bir üçüncü qüvvəyə imkan verməmişdir ki, bizim ərazidən qonşularımızın əleyhinə istifadə olunsun. Ancaq, son zamanlar şimaldan və cənubdan sistemli təxribatlarla üzləşirik. Tarixən bu iki qütbün ölkəmizə yönəlik siyasəti uzlaşmışdır. İndi baş verənlər də, hər iki dövlətin imperiyapəst siyasətinin davamıdır. Son zamanların müharibələri onları kifayət qədər zəiflətsədə, təhlükə qalır. Onların neytrallaşdırılması, iqtisadi və hərbi baxımdan daha da güclənməyimizdən, milli birliyimizin möhkəmlənməsindən keçir. Əminəm ki, süni şəkildə yaradılmış problemlərin, təzyiqlərin qarşısı Prezident İlham Əliyevin liderliyi ilə alınacaq".