Bu yanaşma, əslində, İranın özünə zərər gətirir- ÖZƏL
18:18 Siyasət"Təəssüflər olsun ki, qonşu İran İslam Respublikasını idarə edənlər hələ də sağlam və qarşılıqlı anlaşmaya əsaslanan siyasi dilə üstünlük vermək istəmirlər."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan Respublikası İranla ortaq sərhədlərə, dərin tarixi bağlara və mədəni yaxınlığa malikdir. Bundan əlavə, İranda yaşayan milyonlarla türk mənşəli insan bizim soydaşlarımızdır. Bütün bu amillər nəzərə alındıqda, İranı idarə edənlərin, xüsusilə də ölkədəki teokratik rejimin Azərbaycanla mehriban, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurması gözlənilən olardı.
Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən bəri İranın hakim dairələrinin ölkəmizə qarşı münasibəti bir çox hallarda dostluq və qonşuluq prinsipinə zidd olub. İranın Ermənistanla münasibətlərdə nümayiş etdirdiyi mövqe, Azərbaycan əraziləri işğal altında olan dövrdə susqunluğu və bəzən birbaşa və ya dolayısı ilə düşmən mövqeləri dəstəkləməsi böyük narahatlıq doğurur.
Daha da təəccüblüsü odur ki, bu gün - 21-ci əsrdə - İran dövlətinə bağlı media orqanları vasitəsilə Azərbaycana qarşı təhdidlər səsləndirilməsi kimi qeyri-sivil davranışlar müşahidə olunur. Dövlətin maliyyələşdirdiyi media qurumlarına qarşı bu cür addımları həm beynəlxalq hüquqa, həm də sivil dünyanın qəbul etdiyi etik qaydalara ziddir. Belə davranışlar yalnız köhnəlmiş və dövrün gerisində qalmış təfəkkür tərzinə xasdır.
Bu yanaşma, əslində, İranın özünə zərər gətirir. Məsəl var: "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar." İranın bu siyasəti nə regionda sabitliyə xidmət edir, nə də öz dövlət maraqlarına fayda gətirir. Ona görə də beynəlxalq ictimaiyyətin, inkişaf etmiş dövlətlərin bu rejimə qarşı tənqidi münasibəti tamamilə başa düşüləndir. Təəssüf ki, bu tənqidləri qəbul etmək əvəzinə, hələ də düşmən obrazları yaratmaq yolu seçilir.
Ümid edirik ki, bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri ön plana keçəcək və qonşuluq münasibətləri real məna kəsb edəcək."
İbrahim Məmmədli