SSRİ bayrağının nümayişi Azərbaycanın dövlət siyasətinə adekvat deyil" - Elşad Həsənov- ÖZƏL

İmişlidə 9 May tədbirində SSRİ bayrağı və "Georgi lenti"nin nümayişi narazılıq yaradıb. Politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında qeyd edib ki, SSRİ bayrağının nümayişi  Azərbaycanın dövlət siyasətinə adekvat deyil:

"Doğrudan da bu hadisə  Azərbaycanın böyük ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.  Ağsaqqallar Şurasının "Georgi lenti" və  SSRİ bayrağını sərgiləməsi təəssüf doğurur.  Biz artıq illərdir müstəqil dövlətik. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi və biz öz müstəqil siyasətimizi həyata keçirdik. Bəli, bu il 9 mayda Azərbaycan Prezidenti Moskvaya getmədi. Bu da hesab edirəm ki, çox düzgün addım oldu. Qardaş qanı tökən, qardaş ölkə hesab etdikləri Ukraynaya hücum edib, onların şəhərlərini, kəndlərini dağıdıb, əhalisini məhv edən bir ölkədə keçirilən parada qatılmamalıyıq. Çünki biz də təcavüz görmüşük, bizim də torpaqlarımız 30 il düşmən tapdağı altında olub, o ağrını, o əziyyəti biz də  yaşamışıq. Bizim də bir milyondan artıq soydaşımız qaçqın düşüb və bu gün o taleyi yaşayan ukraynalılara biz dəstəyik. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, baxmayaraq ki, biz Rusiya ilə strateji müttəfiqlik bəyanatı imzalamışıq. Ancaq bu o demək deyil ki, biz Rusiyanın hər bir addımını dəstəkləyirik. Xeyr. Elə keçən il dekabrın 25-də Azərbaycanın sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması və buna görə Rusiya tərəfindən hələ də istintaqın başa çatdırılmaması, cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunmaması, Azərbaycana kompensasiya ödənilməməsi təəssüf doğurur. Bütün bu amillər Azərbaycan-Rusiya münasibətlərinə soyuqluq gətirir.
Bəli, biz istəmirik ki, Rusiya ilə münasibətlərdə qarşıdurma olsun. Axı Rusiya bizim yaxın və böyük qonşumuzdur. Üstəlik, orada üç milyondan artıq azərbaycanlı yaşayır. Biz bütün bunları nəzərə alaraq daim Rusiya ilə münasibətləri normal saxlamağa çalışmışıq. Ancaq Rusiya böyük dövlət olsa da, bu o demək deyil ki, biz ona hüquq vermirik ki, beynəlxalq hüquq normalarını pozsun, Azərbaycanın sərnişin təyyarəsini vursun və sonra da buna görə beynəlxalq qanunlarda nəzərdə tutulan kompensasiyanı ödəməsin, günahkarları cəzalandırmasın. Biz bunu qəbul edə bilmərik.
Məhz bu səbəbdən də Azərbaycan Prezidenti çox doğru olaraq, Azərbaycan xalqının, ölənlərin ruhuna hörmət əlaməti olaraq o tədbirə qatılmadı və hesab edirəm ki, çox düzgün etdi.
Belə bir şəraitdə bizim bir bölgədə SSRİ  bayrağının, "Georgi lenti"nin nümayiş etdirilməsi, göstərilməsi yanlış addım idi. Bu, Azərbaycanın bugünkü dövlət siyasətinə adekvat məsələ deyil. Hesab edirəm ki, orada buraxılmış səhvlərə görə məsul şəxslər layiqli cəzalarını alacaqlar.  Hesab edirəm ki, bu hadisədən sonra heç bir rayonda, kənddə belə hadisələr təkrarlanmayacaq. Bu hal hamıya bir dərs olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31