İran, Gürcüstan və Azərbaycan üçün yeni dəhliz - Yeni tranzit yolun perspektivləri
14:58 İqtisadiyyatBir müddət əvvəl İranın ölkənin yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo TRACECA çərçivəsində İran-Gürcüstan-Azərbaycan tranzit dəhlizinin yaradılmasını təklif edib.
Bəs bu tranzit dəhlizi Azərbaycana nə verəcək?
Olaylar.az xəbər verir ki, Trend mövzu ilə bağlı nəqliyyat üzrə ekspertlərin fikirlərini öyrənib.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, İran, Azərbaycan, Gürcüstan marşrutu Fars körfəzi və Qara dəniz limanlarını əlaqələndirən marşrutdur:
"Zaman-zaman bu marşrut barəsində məlumatlar yayılıb. Amma son illər Azərbaycan ərazisində icra olunmuş yol infrastruktur layihələri bu marşrut üzrə daşımaları daha da cəlbedici edir. Düşünürəm ki, Qarabağ və və Şərqi Zəngəzurda tikilən yollar da ümumi mövcud şəbəkə imkanlarını daha da genişləndirəcək.
Əgər mövcud Astara, Biləsuvar üzərindən daşımanı təşkil etmək mümkün idisə, indi hazırda Ağbənddə tikilən körpü ilə Horadiz, Cəbrayıl, Füzuli, Ağdam və Gürcüstan istiqamətinə, həmçinin, Xudafərin-Laçın, Laçın-Kəlbəcər və Murov dağının altından tikilən yeni avtomobil yolu istifadəyə verildikdə, bu ən qısa avtomobil daşımaları marşrutu olacaq və tranzit potensialımızı artıracaq".
"Həmçinin, nəzərə alaq ki, Azərbaycan sərhəd boyu dəmir yolu infrastrukturuna sahibdir. Hazırda multimodal daşınmanı da təşkil etmək olar. Yəni müəyyən sahələri, Rəştdən Astaraya qədər, yaxud Culfadan Ağbəndə kimi avtomobillə, dəmiryolu tikilən sahələrdə də bu yolla daşımaları həyata keçirmək imkanı mövcuddur.
Amma gələcəkdə Araz dəhlizi istifadəyə verildikdən sonra dəmiryolu ilə daha çox həcmdə yükün Fars körfəzi limanlarından Qara dəniz istiqamətində daşınması imkanı yaranacaq. Beləliklə, Azərbaycan bölgədə istiqamətindən asılı olmayaraq, daha vacib bir ölkəyə çevrilir", - R.Ağamirzəyev deyib.
Nəqliyyat üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, Azərbaycan elə bir strateji mövqedə yerləşir ki, tranzit yüklərin daşınmasına relyef imkan verir:
"Azərbaycanda həm dağlıq, həm də düzənlik ərazilər var. Qısa məsafələr və yolların olması, o cümlədən, nəqliyyat infrastrukturunda yolların təmirli olması və standartlara cavab verməsi dəhlizi səciyyələndirən xüsusiyyətlərdir. İran Türkiyə ilə həmsərhəd olsa da, onların özünəməxsus qonşuluq siyasəti var. Amma bu keçid Azərbaycan və Gürcüstan vasitəsilə Qara dəniz sahillərindəki əhali üçün yüklərin çatdırılması, İrana əlavə dividend və qazanc gətirə bilər. Ona görə də İran bu layihədə maraqlıdır və layihənin reallaşması üçün bacarıqlarını nümayiş etdirir.
Əlavə olaraq, İranın Rusiya ilə əlaqələrinin qurulması birbaşa Azərbaycan vasitəsilə mümkündür. Ona görə ki, Azərbaycandan keçən avtomobil yollarının xüsusi üstünlüyü var. Bu yollarda yük avtomobilləri maneələrlə qarşılaşmır".