Avroviziya beynəlxalq mahnı müsabiqəsində Ermənistan təmsilçisinin səhnə performansında siyasi mesajlar ötürməsi birmənalı qarşılanmayıb.
Belə ki, "Kavkazskiy Uzel"də yayımlanan bloq yazısında qeyd edilib ki, Ermənistan təmsilçisinin çıxışı zamanı səhnənin arxa fonunda iki böyük qurğu yerləşdirilib və onlardan biri Ermənistanın kontur xəritəsini, digəri isə Azərbaycanın Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu əhatə edən əraziləri xatırladır. Performans zamanı bu iki qurğu "birləşir" və erməni müğənni üzərinə çıxaraq, emosional şəkildə "zəfər" nümayiş etdirir.
Bloq müəllifi həmçinin Azərbaycan ictimaiyyətinə və rəsmi qurumlara çağırış edərək, bu açıq-aşkar siyasi və təxribat xarakterli performansla bağlı Avroviziya təşkilat komitəsinə rəsmi şikayət göndərməyə çağırıb: "Beynəlxalq musiqi yarışmasında müharibə və ərazi iddialarına yer verilməməlidir. Bu açıq şəkildə təxribatdır və tədbirin ruhuna ziddir".
Bəs Azərbaycan tərəfi təxribatın qarşısını alacaqmı? Təxribatın qarşısını almaq üçün addımlar atacaqmı, yoxsa ikinci yarımfinalın baş tutmasını gözləyəcək?
Deputat Aqil Abbas məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, təşkilatçılar Azərbaycandan üzr istəməlidir:
"Bu təxribatın qarşısı alınmalıdır. Təşkilatçılar üzr istəməlidir. Biz torpaqlarımızı azad etdik. Bizim torpaqlarımızı öz torpaqları kimi göstərmələri şikayət olunmalıdır. Bu, bir təxribatdır. Burada təşkilatçıların da əli var. Bizim iştirakçıların çıxışlarını izləyirəm, bəyənirəm. Bəziləri deyir ki, yer tutmurlar niyə Avroviziyaya gedirlər. Niyə getməsinlər? Hər zamana birinci olmaq, onluğa düşmək olmaz ki. Erməni gedə bilir, biz gedə bilmirik? Mötəbər bir yarışdır. Orada siyasi oyunlar da var. Avropanın mötəbər yarışıdır. Yer tutmasaq da, getmək, çıxış etmək lazımdır".
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, şikayət edərək ermənilərin qol-qanad açmasının qarşısını almaq lazımdır:
"Ermənilər bu məsələni təsəlliyə çeviriblər. Biz isə təsəllini reallığa çevirmişik. Biz şikayət edərək ermənilər qol-qanad açmasının qarşısını almalıyıq. Lakin bu məsələni çox da problem kimi görməməliyik. Biz düşmən tapdağından torpağımızı azad etmişik. Ermənilərin boş-boş xəyallarına vaxt sərf etməməliyik. Hansı platformada riyakarlıq edirlərsə, qarşısını almalıyıq, şikayətimizi etməliyik. Amma bu bizim üçün həyati məsələ deyil. Həyati məsələ torpaq idi, onu da almışıq. Erməni indi onun yanğısı, nisgili ilə hansısa bir şeir yazacaq, mahnı oxuyacaq, xəritə çəkəcək. Bununla istədikləri qədər təsəlli tapsınlar. Biz də qərbi Azərbaycanın xəritəsini çəkib, bütün platformalarda göstərə bilərik. Bizimdə alternativlərimiz var. Ermənilərin bu cür addımları gündəmimizi zəbt etməməlidir".
Qeyd edək ki, bu gün Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
Səhnədə 16 ölkənin nümayəndəsi finala vəsiqə qazanmaq üçün yarışacaq: Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Çexiya, Danimarka, İsrail, Lüksemburq, Serbiya və Finlandiya.
Müsabiqə yerli saatla 23:00-da başlayır.