“İstanbul görüşü sülh danışıqları yox, siyasi imitasiyadır” – Taleh Əliyev – ÖZƏL

"Rusiya Prezidentinin təşəbbüsü ilə başlanan bu görüş, təəssüf ki, elə onun görüşdən yayınması ilə nəticələndi və bu da sülhə dair ümidləri puç etdi, desək, yanılmarıq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi qeyd edib ki, İstanbulda keçirilən görüşlər, Putinin iştirakdan imtinası və eyni vaxtda Ukraynaya dron hücumları fonunda, real sülh irəliləyişi əvəzinə siyasi imitasiyadan başqa bir şey deyil:

"Nəzərə alsaq ki, artıq dünən gecədən etibarən Rusiya dronları Ukrayna ərazisində genişmiqyaslı hərbi təcavüzə başlayıb, bu da verilən mesajın mahiyyətini göstərir. Məhz bu addımı İstanbulda keçirilən sülh təşəbbüslərinin effektivliyini və səmərəliliyini azaldan bir siyasi siqnal kimi də dəyərləndirmək olar. Eyni zamanda, Rusiya Prezidentinin bu görüşdən imtina etməsinə baxmayaraq, onun əvəzinə Rusiyanın hərbi-siyasi elitasına daxil olan çoxsaylı şəxslərin danışıqlara göndərilməsi, "kəmiyyət heç vaxt keyfiyyəti əvəz etmir" fikrini doğruldur. Hazırkı mərhələdə İstanbulda keçirilən görüşlər daha çox formal xarakter daşıyır. Baxmayaraq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu görüşdə şəxsən iştirak etmək üçün Türkiyəyə səfər etmişdi və hətta Putinin məlum açıqlamasından dərhal sonra "15 mayda İstanbulda olacağam, Putini gözləyəcəyəm" demişdi, bu gün keçirilən görüş yalnız nümayəndə heyətləri arasında baş tutdu. Bu isə onu göstərir ki, ən yaxşı halda əldə olunacaq nəticə - hər hansı bir atəşkəs razılaşması olmadan danışıqların davam etdirilməsidir. Bu isə, əslində, imitasiyadan başqa bir şey deyil".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31