QHT platforması yeni bir söz, yeni bir çağırış və yeni təşəbbüslər üçün yer açır– Tofiq Abbasov- ÖZƏL

"Qlobal Cənub QHT Platforması Azərbaycanın yeni təşəbbüsüdür və bu, dünya birliyi tərəfindən çox böyük coşqu və həvəslə qarşılanıb. COP-29  əsnasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun belə bir təşəbbüsü  Azərbaycan tərəfindən ortaya çıxdı və indi biz görürük ki, həqiqətən də 120-yə yaxın ölkənin nümayəndəsi artıq Azərbaycan paytaxtında yeni platformanın yaranmasına öz əməyini sərf edib". 

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında söyləyib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan öz təşəbbüskarlığı və innovativ baxışları ilə dünyada yeni bir mərhələ yaratdı:

"Bu, onu göstərir ki, rəsmi Bakının, o cümlədən vətəndaş cəmiyyətimizin proseslərə yanaşması formal deyil, qeyri-formaldır. Yəni ki, artıq dünya nizamının formalaşma prosesi gedir və bu işə bir çox qüvvələr öz bacarıqlarını sərf etməyə hazır olduqlarını bildirirlər. O cümlədən bizim ölkəmiz də. Ümumiyyətlə, dünyada həmişə əsas trendlər və ikinci dərəcəli trendlər olur. Belə cərəyanlar var ki, onlar beynəlxalq atmosferi və aləmi öz təsirləri ilə zənginləşdirirlər. Biz görürük ki, Hindistanla Pakistan arasında münasibətlər gərginləşir, Türkiyə ilə İsrail arasında, Ukrayna ilə Rusiya arasında münasibətlərin gərginliyi davam edir, uzaq Amerikada, Cənubi Amerikada problemlər var, ABŞ-nin  Panama və Kanada ilə əlaqələrində çətinliklər yaşanır. Belə olduğu halda, xaosun konturları genişlənir. Bəzi qüvvələr və onların aparıcı strukturları artıq, mən deyərdim ki, xaosun memarları qismində çıxış etməyə başlayırlar.
Bunun qarşısı alınmalıdır. Çünki insanlara ən çox lazım olan dəyər sabitlik, əmin-amanlıq və müharibələrin olmamasıdır. Hazırda bu proses həyəcan doğurucu şəkildə inkişaf edir.
Əlbəttə ki, burada sadə insanlar, milli institutlar, xalq diplomatiyası - bütün bunlar yumşaq gücdən istifadə imkanlarını genişləndirməlidirlər. Ona görə də belə bir təşəbbüs məhz Azərbaycandan gəldi.
Məsələn, biz vaxtilə 4 il Qoşulmama Hərəkatında sədrliyimiz dövründə orada bir neçə institusional quruculuğa diqqət yetirdik və böyük uğurlar qazandıq. Söhbət Qoşulmama Hərəkatının parlamentlərarası şəbəkəsindən, qadınların  oradakı təşkilatlanmasından, informasiya sahəsində ölkələrarası mübadilənin gücləndirilməsindən gedir. Bu nəyə görə lazımdır? Ona görə lazımdır ki, cəmiyyətlər bir-birlərindən xəbərdar olsunlar və həyəcan doğuran məsələlərin qarşısını vaxtında alsınlar. Bunun üçün isə artıq yeni təşəbbüslərin, birgə layihələrin həyata keçirilməsi vacib rol oynayır.
Demək olar ki, bu prosesdə Azərbaycan öz təşəbbüskarlığı və innovativ baxışları ilə dünyada yeni bir mərhələ yaratdı. Biz bilirik ki, BMT-nin fəaliyyəti davam edir, amma bu qurumla bağlı böyük narazılıqlar var. Digər beynəlxalq təşkilatlar - məsələn, UNESCO və digərlərinin fəaliyyətində də xeyli qüsurlar və çatışmazlıqlar sezilir və bununla bağlı iş görülməlidir. Əgər məsul şəxslər və dairələr öz qarşılarında duran vəzifələrin öhdəsindən gələ bilmirlərsə, onda onlara bu qədər güvənmək olmaz və belə olan halda alternativ cərəyanlar gücləndirilməlidir.
Azərbaycanın təşəbbüsünün mahiyyəti ondan ibarətdir ki, vətəndaş cəmiyyətlərinin də potensialı quruculuq işinə və yeni dünya nizamının formalaşmasına sərf edilsin. Mən belə başa düşürəm ki, bu, çox vacib bir hadisə idi. Digər tərəfdən, bu, yeni cərəyanların formalaşmasına öz dəstəyini verir, birgə fəaliyyət üçün magistral xətlər müəyyənləşdirilir və bütün bunların böyük bir töhfəsi olacaq. Böyük töhfə ondan ibarətdir ki, xalqlar və insanlar bir-birlərinə yaxınlaşdıqca, ünsiyyət qurduqca, mübadilə yolları yaratdıqca sülhün və əmin-amanlığın əsasını, yəni altquruluşunu gücləndirirlər.
Belə başa düşürəm ki, biz indi həqiqətən də tarixi anlar yaşayırıq. Çünki dünya nizamı formalaşmalıdır. Dünya kortəbii şəkildə hərəkət edə bilməz - onun bütün fəaliyyət sahələri istiqamətləndirilməlidir. Bu baxımdan düşünürəm ki, Bakıda yaradılan QHT platforması artıq yeni bir söz, yeni bir çağırış və yeni təşəbbüslər üçün yer açan bir başlanğıcdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31