İran prezidentinin Azərbaycan səfərinin əhəmiyyəti və gözləntiləri
15:32 SiyasətƏli Məsimli
Millət vəkili
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çox mühüm bir diplomatik hadisə olmaqla yanaşı, həm də tarixi bir səfər kimi mühüm əhəmiyyət daşıyır. Xüsusi qeyd etmək lazımdır ki,Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra İranla Azərbaycan arasında ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşdı.İki ölkə prezidentlərin Bakı görüşünü Azərbaycanla İran arasında münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirən mühüm siyasi gediş də adlandırmaq olar.
. İran prezidentinin çox geniş tərkibdə nümayəndə heyəti ilə Bakıya gəlməsi, heyətdə yüksək səviyyəli dövlət adamlarının ilə yanaşı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələrinin,İranın şimal-qərbində yerləşən vilayətlərin valilərinin və özəl sektorun müxtəlif sahələrdə çalışan çoxsaylı nümayəndələrinin yer alması faktının özü rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir.Bu,müxtəlif səpgili amillərlə şərtlənir.Azərbaycan-İran münasibətlərinin əsas səciyyəvi cəhətlərindən bir budur ki,bu münasibətlər çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib.Bu münasibətlərin formalaşması və inkişafında ikitərəfli əlaqələrlə yanaşı,həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb.Bu baxımdan İranın Azərbaycana münasibətdə əlaqələrinin normal məcrada inkişafı istəyi xeyli dərəcədə dünyada gedən proseslərin təsiri, Yeni Dünya Düzəninin formalaşması prosesində dünyanın çox mürəkkəb və təhlükəli mərhələlərdən birini yaşamağa başlaması,regionda İran ətrafında yaranan və gərginləşən geosiyasi vəziyyətdə İranın Azərbaycanla münasibətləri nizama salınması və yeni səhifənin açılmasını təkcə zəruri deyil, həm də qaçılmaz etməsi ilə əlaqdədardır. Bu kontekstdə Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün çox mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu səbəbdən İran prezidenti Məsud Pezeşkian Bakıya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı və problemlərin həlli istiqamətində bir sıra ciddi mesajlar verdi.İran prezidenti öz bəyanatında bildirdi ki: "çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə-sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik".... "Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq." Mən həmin qətiyyəti, həmçinin qardaşımızda-Azırbaycan prezidenti İlham Əliyevdə görürəm. "Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq."..."Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq."
Azərbaycan prezidenti öz bəyatında bildirb ki,."İran prezidentinin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir-Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır."
Azərbaycan və İran prezidentlərinin Birgə Bəyanatı ilə yanaşı,digər sənədlər,o cümlədən "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı", 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı" imzalanıb.
Danışıqlar zamanı əməkdaşlığın geniş spektirləri müzakirə olunarkən xüsusi vurğulandı ki, yaxın qonşuluq və xalqlar arasındakı tarixi-dini bağlar Azərbaycanla İran arasında davamlı münasibətləri həmişə zəruri edib.Məhz bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir.2024-cü ildə iki ölkə arasıdakı ticarət dövriyyəsi özündən əvvlki illə nisbətdə 33 faiz artaraq 647 milyon ABŞ dollarına çatıb.Bunun 633 milyon dollardan çoxunu Azərbaycanın İrandan idxal etdiyi malların, 14 milyon dollarını isə Azərbaycandan İrana ixrac olunmuş məhsulların dəyəri təşkil edib.İki ölkə arasında ticarət dövriyyəsində Azərbaycanın İrana ixracı idxaldan 45 dəfə azdır əbu sahədə mənfi saldo 619 milyon dollar təşkil edir.Ümumiyyətlə isə ticarət əlaqələrinin səviyyəsi hər iki ölkənin potensial imkanlarlndan aşağıdır.Ona görə ticarət dövriyyəsinin,eləcə də Azəbaycanın İrana ixracını artırmaqdan ötrü siyasi əlaqələrin gücləndirilməsinin məntiqi davamı kimi əlavə tədbirlərin də görülməsinə,o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması,iş adamları arasında əlaqələrin genişləndirilməsi və digər istqamətlərdə fəaliyyətin dərinləşdirlməsinə ehtiyac var.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin ən diqqətçəkən və mühüm məqamlarndan bir budur ki, çox yüksək diplomatik səviyyədə baş tutan rəsmi səfər, bütün görüşlərdə və tədbirlərdə eyni səviyyədə səmimiyyətlə müşayət olundu. Bu özünü Azərbaycan-İran biznes-forumunda daha qabarıq şəkildə göstərdi. Azərbaycan prezidenti həmin forumdakı çıxışında bildirdi ki, İran İslam Respublikasının Prezidenti cənab Pezeşkianın Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir.Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik".
İran Prezidenti Prezident Məsud Pezeşkian öz çıxışında bildirib ki,Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz qardaşım cənab İlham Əliyevə bizə göstərdikləri qonaqpərvərliyə, bizi səmimi qarşıladıqlarına, qarşılıqlı əlaqələrimizin konstruktiv şəkildə davam etməsi ilə əlaqədar ümidverici bəyanatına görə bir daha təşəkkürümü bildirirəm... Ümid edirəm ki, bu, növbəti uğurun başlanğıcı olacaq."
İran prezidentinin Azərbaycan səfərinin gündəm yaradan əsas mövzusu,bəlkə də zirvəsi sayılan hadisə isə Azərbaycan-İran Biznes Forumunda görkəmli Cənubi Azərbaycanlı şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının əsas qayəsini təşkil edən iki bəndlik seir parçasının səsləndirməsi oldu:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.
Hazırda dünyada gedən proseslərin təsiri ilə Yeni Dünya Düzəninin formalaşması üçün zəruri olan dəyişikliklər bir sıra dövlətlərin öz siyasətini əsaslı surətdə korrekttə edib, dəyişdirməsini obyektiv zərurətə çevirib.Bu kontekstdə İran prezidentinin Azərbaycana səfərinin əsas nəticələrindən biri budur ki,Azərbaycanla İran arasında münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirən dövlətlərarası münasibətlərin bundan sonrakı mərhələsinin əsas konturları Bakıda müəyyən olundu.Bəyan olundu ki, hər iki tərəfin məram və məqsədi-Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.İran prezidentinin Bakıda "Heydərbabaya salam" poemasının əsas qayəsini səsləndirməsi bu səfərinin çox mühüm mesajıdır.Bu səfər regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı gücləndirmək,hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir.Bu fürsətin real işə çevrilməsi,qəbul edilmiş qərarların iki ölkə arasındakı münasibətləri yeni mərhələyə daşıması,yaxın perspektivdə Azərbaycan-İran münasibətlərində köklü dəyişikliklərə start verilməsi və bundan sonra bu əlaqələrini uzun illər yüksələn xətlə davam etməsi üçün İran tərəfindən Azərbaycana münasibətdə fikirdə,sözdə və əməldə hələ çox iş görülməlidir.Bu baxımdan İran prezidentinin Azərbaycan səfərinin böyük əhəmiyyəti olduğu kimi, gözləntiləri də çox böyükdür...