Azərbaycanın Latın Amerikası ilə siyasi və iqtisadi əlaqələrinin yeni mərhələsi– ÖZƏL

"Azərbaycan Meksika ilə və ümumilikdə bütün Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Xüsusi tapşırıqlar üzrə səfir Elçin Əmirbəyovun Meksikaya səfəri çərçivəsində görüşlər keçirməsi də bunun göstəricisidir. Bu, Azərbaycanın Meksika ilə münasibətlərində yeni bir mərhələnin, yeni bir səhifənin açıldığını nümayiş etdirir".

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Qeyd etmək lazımdır ki, bu günə qədər iki ölkə arasındakı əlaqələr müsbət şəkildə inkişaf etmişdir. 1992-ci ildə hər iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bu günədək Azərbaycanla Meksika arasında ticarət, iqtisadiyyat və mədəniyyət sahələrində tərəfdaşlıq mövcuddur.

İki ölkə arasında altı sənəd imzalanıb və parlamentlərarası əlaqələr mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, Meksika Xocalı soyqırımını parlament səviyyəsində tanıyan ölkələrdən biridir. 2012-ci ildə Meksika parlamenti Xocalıda baş verənləri soyqırımı kimi tanıyan qərar qəbul etmişdir. Bu fakt ölkələrarası münasibətlərdə müsbət dinamikanı gücləndirən ciddi bir amildir.

Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xarici siyasətində fərqli istiqamətlər üzrə fəallıq nümayiş etdirir. İkinci Qarabağ müharibəsinədək Azərbaycanın əsas diqqəti regiona, xüsusilə Qarabağ məsələsinə yönəlmişdisə, artıq indi Azərbaycan daha geniş xarici siyasət yürütməyə, qlobal cənubun üzvü olan ölkələrlə, o cümlədən Afrika və Latın Amerikası ölkələri ilə əlaqələri inkişaf etdirmək xəttini seçmişdir.

Prezident İlham Əliyev də çıxışlarında qeyd etmişdi ki, Azərbaycan əvvəllər aktiv olmadığı regionlarda aktiv siyasət yürütməyə başlayacaq. Bu siyasətin nəticələrini artıq görməkdəyik. Həm Afrikada, həm də Latın Amerikasında Azərbaycanın yeni hədəflər və təşəbbüslərlə irəlilədiyi müşahidə olunur.

Meksika ilə keçirilən bu görüşlər və siyasi-iqtisadi əlaqələrin inkişafına yönəlmiş təşəbbüslər Azərbaycanın Latın Amerikasına açılım siyasətində yeni bir mərhələ kimi dəyərləndirilə bilər.

Bu günə qədər Azərbaycan, mənim fikrimcə, Latın Amerikasında malik olduğu potensiala uyğun siyasət həyata keçirməmişdir. Bu da bəlli səbəblərlə bağlı olmuşdur. Lakin bundan sonra yeni imkanlar fonunda Azərbaycan Latın Amerikası istiqamətində diplomatik fəaliyyətini daha da sürətləndirəcəkdir. Təkcə Meksika ilə deyil, həmçinin Braziliya, Argentina, Kolumbiya, Venesuela kimi digər Latın Amerikası ölkələri ilə də siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atılacaqdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31