“Pakistan bölgədə gərginliyin müharibəyə çevrilməsindən narahatdır” – Bəhruz Quliyev – ÖZƏL

"Əvvəlcə qeyd edim ki, Dünyada münaqişə ocaqlarını qızışdıran və aktiv ocağa çevirən qüvvələr mövcuddur ki, yaranmış vəziyyətdən məharətlə istifadə edirlər. Bu gün Pakistan hökuməti Hindistanın Cammu və Kəşmir bölgəsində baş verən Pahalqam hücumunu qətiyyətlə pisləyir və bu hadisənin şəffaf şəkildə araşdırılması üçün müstəqil beynəlxalq araşdırma komissiyasının yaradılmasını tələb edir. Hindistan tərəfinin hücumla bağlı iddialar irəli sürməsinə baxmayaraq, indiyədək konkret sübut təqdim edilməmişdir. Bu, regionda təxribatçı ittihamların siyasi məqsədlərlə istifadə olunduğuna dair ciddi narahatlıq doğurur". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. 

Ekspertin fikrincə Pakistan terrorun bütün formalarını qınayır və bu kimi hücumların regional sabitliyə zərbə vurduğunu qeyd edir. Bununla yanaşı, Hindistanın bölgədə artan hərbi mövcudluğu, İslamofobiya xarakterli təbliğat kampaniyaları və Cammu və Kəşmirdə insan hüquqlarının pozulması davam edən gərginliyin əsas səbəblərindən biridir. Həmçinin, Hindistanın İndus Su Müqaviləsini pozmaqla su resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etməsi bölgədə müharibə riskini artırır və regional sülhə ciddi təhdid yaradır. Su kimi həyati əhəmiyyətli resursların geosiyasi alətə çevrilməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, milyonlarla insanın həyatını təhlükə altına alır.

Bəhruz Quliyev sonda əlavə edib ki, Pakistan beynəlxalq ictimaiyyəti bölgədə artmaqda olan gərginliyə laqeyd qalmamağa, tərəfsiz araşdırma aparmağa və Cənubi Asiyada sülh və təhlükəsizliyin təmin olunmasına dəstək verməyə çağırır.Əks halda bu, uzun illər davam edən münaqişə ocağını müharibəyə çevrilə bilər. Bu isə indiki vəziyyətdə həmin bölgəyə lazım deyil.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31