“Azərbaycan qlobal cənubda güclü yer tutmağı hədəfləyir” – Elçin Xalidbəyli – ÖZƏL

Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyovun Meksikaya etdiyi səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və diplomatik əlaqələrin genişləndirilməsi məqsədilə yüksək səviyyəli görüşlər keçirilib. Görüşlərdə Cənubi Qafqazda sülh prosesinin gedişi, Azərbaycanın regiondakı rolu, Ermənistanla münasibətlərin hazırkı vəziyyəti və beynəlxalq hüququn prinsipləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Meksika tərəfi Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinə dəstək ifadə edib və bu sahədə Bakı tərəfindən nümayiş etdirilən diplomatik səyləri yüksək qiymətləndirib.

Bu səfər Azərbaycanın Latın Amerikası ilə diplomatik fəallığının yeni bir mərhələsinə keçidini göstərirmi? Rəsmi Bakı bu istiqamətdə hansı strateji hədəfləri qarşıya qoyur?

"Azərbaycanın Meksika ilə münasibətlərini inkişaf etdirməsi, Rəsmi Bakının strateji prioritetlərinin istiqamətlərini də göstərir. Çünki son vaxtlar Rəsmi Bakı bütün dünya ölkələri ilə daha yaxşı münasibətlərin qurulması istiqamətində qətiyyətli addımlar atır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, Azərbaycan, Çin və Avropa ilə yüksək səviyyəli münasibətlər fonunda indi də Meksika ilə iqtisadi-ticari əməkdaşlığı genişləndirməyə çalışır:

"Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından böyük və həlledici rol oynayıb. Hazırda Azərbaycan və Çin arasında ən yüksək səviyyədə münasibətlər qurulub. Eyni zamanda Azərbaycan Avropa ölkələri ilə də münasibətlərini yüksək səviyyədə saxlamağa çalışır. Azərbaycan və Avropa İttifaqı arasında strateji enerji təhlükəsizliyi üzrə tərəfdaşlıq mövcuddur. İndi isə Rəsmi Bakı dünyanın digər qitələrinə üz tutur və Azərbaycanın iqtisadi-ticari maraqları baxımından böyük önəm daşıyan hədəflərə yönəlir. Meksika ilə münasibətlərin yaxşılaşdırılması və inkişaf etdirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Meksika Azərbaycanın potensial iqtisadi-ticari tərəfdaş ola biləcək ölkələri sırasında yer alır".

Siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakı Meksika ilə münasibətləri inkişaf etdirərək, qlobal cənubda mühüm dövlətə çevrilməyi və yeni dünya düzənində güclü yer tutmağı hədəfləyir.

"Rəsmi Bakı son vaxtlar qlobal cənubun önəmli dövlətlərindən birinə çevrilmək hədəfinə doğru irəliləyir. Bu baxımdan həm Cənubi Amerika ölkələri, həm də Meksika kimi mühüm dövlətlərlə münasibətlərin yeni mərhələyə keçirilməsi Azərbaycanın həm geosiyasi, həm geostrateji, həm də geoiqtisadi maraqlarına tam cavab verir. Bu kontekstdə Meksika ilə yaxınlaşma və münasibətlərin inkişaf etdirilməsi Rəsmi Bakının qarşıya qoyduğu hədəflərin tərkib hissəsinə daxildir. Bu hədəflərin reallaşdırılması istiqamətində bundan sonra da məqsədyönlü, qətiyyətli və prinsipial addımların atılacağına heç bir şübhə yoxdur. Çünki köhnə dünya düzəni artıq dağılmaq üzrədir. Yeni dünya düzəninin qurulması istiqamətində müəyyən proseslər artıq başlayıb və Rəsmi Bakı da Azərbaycanın bu yeni düzəndə özünə layiq nüfuz sahibi olan bir dövlət kimi yer almasına çalışır. Bu kimi səfərlər və Meksika ilə münasibətlərin qurulması, inkişaf etdirilməsi Azərbaycanın gələcək prioritet hədəfləri baxımından həlledici xarakter daşıyır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31