Azərbaycanın geosiyasi əhəmiyyəti və Avropa İttifaqı ilə yeni dövrə başlanğıc- ÖZƏL

Almaniyanın "Tagesschau" saytı, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərini geniş işıqlandırıb. Kallasın yalnız Bakıya getməsi, İrəvana səfər etməməsi Ermənistanda narahatlıq yaradıb. Erməni mətbuatı, bu addımı Azərbaycanın Aİ ilə münasibətlərdə Ermənistandan qabaqlaması kimi şərh edib.  

Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:

"Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallassın Azərbaycanın səfəri hazırda Avropada ciddi müzakirə olunur. Çünki bu səfər bir tərəfli qaydada yalnız Azərbaycanda həyata keçirilib. Hesab edirəm ki, bu səfərin ciddi siyasi, iqtisadi enerji və nəqliyyat kontekstində nəticələri olacaqdır. Və artıq Ermənistanın bundan narahatlıq keçirməsi də onu əsas verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni dövrdə münasibətlər inkişaf edə bilər. Çünki Azərbaycan müstəqil siyasət yürüdür və xarici siyasətdə balanslaşdırılmış strategiyası ölkəmizə bir sıra üstünlüklər qazandırır.
Son dövrlər baş verən proseslərə qısaca nəzər salaq. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Çinə çox uğurlu səfər etdi, mühüm çoxsaylı sənədlər imzalandı. Ardınca Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi və eyni zamanda Avropa İttifaqı Komissiyası sədrinin müavini Kaya Kallas Azərbaycana səfər etdi.
Mühüm mesajlar səslənir, geniş tərkibli müzakirələr həyata keçirilir. Ardınca cənub qonşumuz İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanda səfərdə olur. Bunun ardınca qarşıdakı dövrdə dost və tərəfdaş İsrail dövlətinin baş naziri Benjamin Netanyahu Azərbaycana səfər edəcək. Ardınca isə qardaş, hərbi-siyasi müttəfiqimiz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir.
Görürsünüz ki, şərqdən qərbə, şimaldan cənuba doğru çox mühüm geosiyasi aktorlar Azərbaycanla təmasları genişləndirməkdə maraqlıdır. Azərbaycan bölgədə mühüm geostrateji əhəmiyyətə malikdir. Geo-iqtisadi və geosiyasi baxımdan mühüm bir ərazidə yerləşir və bu baxımdan Avropa İttifaqı da bu reallıqları qəbul edərək Azərbaycanla münasibətləri həyata keçirməkdə maraqlıdır və şübhəsiz ki, Avropa İttifaqı üçün önəmli olan hazırda enerji təhlükəsizliyi məsələsidir və Azərbaycan da Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təminatında ən mühüm rol oynamaqdadır. Bu baxımdan Brüssel ilə Bakı arasındakı münasibətlərin yumşalması, normallaşması və inkişafına dair ümidlər də formalaşmaqdadır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31