Hər bir məzhəbə mənsub olmaq insanın öz inancını ifadə etmə tərzidir- ÖZƏL
14:15 Din"Son dövrlərdə bəzi ilahiyyatçılar arasında yaşanan qarşılıqlı ittihamlar - xüsusilə məzhəbçiliklə bağlı irəli sürülən fikirlər - cəmiyyətin dini düşüncə müstəvisində parçalanma riski ilə üz-üzə olduğunu göstərir. Belə vəziyyətlərdə soyuqqanlı düşünmək, problemin kökünə enmək və cəmiyyətə sağlam bir dini perspektiv təqdim etmək hər bir vicdanlı ziyalının və inanclı fərdin borcudur". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent. Asəf Qənbərov deyib:
"Əvvəla, unutmaq olmaz ki, məzhəblər sadəcə teoloji fərqliliklər deyil, həm də sosial və tarixi reallıqlardır. Onlar əsrlər boyu fərqli bölgələrdə yaşayan müsəlman cəmiyyətlərinin Qurana və Sünnəyə əsaslanaraq ortaya qoyduğu anlayış formalarıdır. Bu formalar fərqli ola bilər, lakin heç biri İslamın özündən xaricdə deyil. Yəni, bir məzhəbi mənimsəmək, İslamdan uzaqlaşmaq deyil, İslamı fərqli bir üslub və düşüncə tərzi ilə yaşamaqdır.
İkincisi, insanların bir məzhəbə mənsub olma haqqı, onların vicdan, fikir və dini etiqad azadlığının birbaşa ifadəsidir. Bu hüquq yalnız hüquqi sistemlər tərəfindən deyil, eyni zamanda dini prinsiplər baxımından da müdafiə edilə bilər:"Dində məcburiyyət yoxdur" (Bəqərə, 256). Heç kəsin dini baxışına, məzhəbi mənsubiyyətinə görə təhqir olunması, aşağılanması və ya etibarsızlaşdırılması nə insani, nə də islami davranış sayılır.
Təəssüf ki, bəzi hallarda məzhəbçilik ittihamı özü bir silaha çevrilərək fərqli düşünənləri susdurmaq və cəmiyyət qarşısında nüfuzdan salmaq üçün istifadə edilir. Bu isə həm elmi müzakirələrin keyfiyyətini aşağı salır, həm də dini-mənəvi mühitdə narahatlıq yaradır. Fərqli məzhəblərin olması düşmənçilik üçün yox, zənginlik və öyrənmək fürsəti üçün bir zəmin kimi görülməlidir.
Əslində, bir məzhəbə mənsub olmaq insanın öz inancını ifadə etmə tərzidir və bu, əgər hüquqi çərçivələrə uyğunsa, heç kimə təhlükə yaratmır. Qısa şəkildə ifadə etsək, "hər kəsin məzhəbi onun dinidir!" Bu şəxsiyyətin və dini kimliyin bir hissəsidir. Əgər biz fərqli məzhəblərin varlığını qəbul etməyi öyrənə bilməsək, bu yalnız dini müstəvidə deyil, ictimai və mədəni sahələrdə də parçalanmalara yol aça bilər.
Nəticə etibarilə, bu kimi qarşıdurmalardan uzaq durmaq, dini azadlıqları müdafiə etmək və məzhəbi fərqliliklərə hörmətlə yanaşmaq bizim birgə yaşamaq mədəniyyətimizi qorumağımızın əsas şərtidir. Əks halda, cəmiyyətin mənəvi dayaqları zədələnə və dini mühit təfriqəyə sürüklənə bilər".