Paşinyanın həlledici seçimi: Sülh, yoxsa "forpost" taleyi? – ÖZƏL
13:27 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan bildirib ki, iyunda keçiriləcək parlament seçkiləri ölkənin gələcəyi üçün həlledici olacaq. Onun sözlərinə görə, xalq sülh yolunu seçməlidir, əks halda Ermənistan yenidən münaqişə və "forpost" məntiqinə qayıdacaq. Paşinyan vurğulayıb ki, sülhün seçilməsi Ermənistanın müstəqilliyini, suverenliyini və dövlətçiliyini yeni səviyyədə təsdiqləmək deməkdir.
Paşinyanın "sülhü seçməsək, Ermənistan münaqişəyə sürüklənəcək" fikri daxili siyasi mübarizədə hansı siqnalları verir?
"Paşinyanın bəyanatı və onun konteksti göstərir ki, Ermənistan bu seçkiləri sırf parlament seçkisi kimi deyil, bir "strateji dönüş anı" kimi görür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, topluma verilən ismarıc belədir: "Sülh bizim alternativimizdir - münaqişə yenidən başlasa, biz "forpost" kimi get-gedə kiçiləcəyik". Bu isə bir növ "yenidən başlama" çağırışıdır.
Araşdırmaçı-yazar əlavə edib ki, eyni zamanda, bu çağırış Paşinyan üçün həm mobilizasiya, həm də legitimlik artırma vasitəsi sanıla bilər - seçki kampaniyasının məntiqi belə qurulur: "Mən bu yolu təklif edirəm, siz bu yolu seçin, yoxsa sonucları ağır olacaq". Bu, toplumda yeni qütbləşmə riskini də doğura bilər.
"Dış siyasətdə isə Paşinyan seleksiya etmiş kimi görünür: seçkilərdən sonra Ermənistan ya "sülh-yönümlü yeni dış siyasət yolu"na başlayacaq, ya da əks halda təhlükəsizlik, bloklaşma, müharibə qorxusu ilə gələnəksəl "təhlükəsizlik öncəli" yanaşmaya qayıdacaq. Bu isə bölgə üçün - Qafqaz üçün - önəmlidir", - deyə ekspert vurğulayıb.
Türkoloq bildirib ki, bu baxımdan, demək olar ki, seçkilər ölkə içində parlamentin formalaşması ilə yanaşı - Ermənistan üçün kimlik, yön, strateji seçimlər baxımından kritik hadisə ola bilər. Uzun sözün qısası, Paşinyanın çağırışı həm böyük risk - həm də böyük şans ehtiva edir.
Sevda Dəniz