Uşaqlarımızı sosial şəbəkə "zibilliyindən" necə qoruyaq? - Sosioloqdan AÇIQLAMA
12:07 SosialSon illərdə uşaqlar və yeniyetmələr arasında sosial şəbəkələrin istifadəsi sürətlə artıb.
Bu trend həm təhsil, həm psixoloji inkişaf, həm də sosial davranış baxımından müəyyən risklər yaradır. Uşaqların sosial şəbəkələrdən istifadəsinə müəyyən yaş həddi qoyulmalı, valideynlər müvafiq nəzarət və rəhbərlik rolunu oynamalıdır.
Eyni zamanda yeniyetmələrə onlayn etik davranış, şəxsi məlumatların qorunması və düzgün istifadə bacarıqları erkən yaşdan aşılanmalıdır ki, onlar interneti təhlükəsiz və məqsədyönlü şəkildə öyrənsinlər.
Uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi hansı yaşdan etibarən məqbuldur, valideynlər bu istifadəyə necə nəzarət etməli və yeniyetmələrə düzgün və təhlükəsiz istifadə bacarıqları necə aşılanmalıdır?
Suallarımızı cavablandıran sosioloq Aygün Nəsibova Sfera.az-a açıqlamasında bildirib ki, uşaqlar və yeniyetmələrin sosial şəbəkə istifadəsi təkcə texnoloji məsələ deyil, bu, psixososial inkişaf, ailə münasibətləri və dəyərlər sistemi ilə sıx bağlı bir prosesdir.

Onun sözlərinə görə, 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə aktiv hesab sahibi olması məqbul sayılmır:
"13-16 yaş aralığı sosial şəbəkəyə mərhələli şəkildə giriş üçün daha uyğundur, amma bu, valideyn nəzarəti və yönləndirməsi ilə olmalıdır. Çünki bu yaşda yeniyetmə və uşaqda emosional özünüidarə və tənqidi düşüncə tam formalaşmır. Virtual mühitdəki təsirlər(zorakılıq,asılılıq riski və s.) uşağın inkişafına mənfi təsir göstərə bilər".
Sosioloq valideyn nəzarəti necə tənzimlənməlidir sualına cavab olaraq vurğuladı ki, valideynin nəzarəti təzyiq deyil, müşayiət xarakterli olmalıdır:
"Yəni məqsəd uşağı məhdudlaşdırmaq yox, doğru istifadə vərdişi formalaşdırmaqdır. Uşaqla birlikdə hesab yaradın və ilk dövrlərdə paylaşım, dostluq və məxfilik parametrlərini birlikdə tənzimləyin. Hər gün olmasa da, müntəzəm söhbətlər edin: kimlərlə ünsiyyətdə olur, nə paylaşır, nədən xoşlanır. Sosial şəbəkə üçün vaxt limiti müəyyənləşdirin (məsələn, gündə 1 saat). Sosioloji baxımdan uşağın sosial şəbəkəyə çıxışı tədricən, valideynin maarifləndirici dəstəyi ilə baş verməlidir".
Sosioloqun fikrincə, yeniyetmə və uşaqlarda, sosial şəbəkələrdən düzgün istifadəni aşılamaq üçün, əsas məqsəd məsuliyyətli "rəqəmsal şəxsiyyət" formalaşdırmaqdır. Sosioloq son olaraq qeyd etdi ki, əgər valideyn özü sosial medianın qaydalarını və risklərini bilir və uşağa model rolunu oynayırsa, bu zaman sosial şəbəkə uşağın özünüifadə, öyrənmə və ünsiyyət bacarıqlarını inkişaf etdirən müsbət alətə çevrilə bilər.