Azərbaycan - İran münasibətlərinin yaxşılaşması...

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin qurulmasına çalışacaqlarını bildirib. O, iki ölkə arasında  problemlərin dialoq yolu ilə həll edilə biləcəyini, iqtisadi əməkdaşlığın və qarşılıqlı hörmətin vacibliyini vurğulayıb. Prezident həmçinin üçüncü tərəflərin münasibətlərə müdaxilə etməməli olduğunu qeyd edib.

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi bildirib ki,  "Pezeşkianın çıxışlarında səmimiyyət, Azərbaycana və Azərbaycan xalqına məhəbbət var:

"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və birgə mətbuat konfransında səsləndirdiyi fikirlər, təbii ki, sevindiricidir. Çünki İran və Azərbaycan uzun illər bir yerdə olublar. Lakin Çar Rusiyası tərəfindən Azərbaycan ikiyə bölünüb və Azərbaycanın bir hissəsi - bugünkü Azərbaycan Respublikası  İranla ayrılıb.
Xüsusilə vurğulamaq lazımdır ki, Sovet dövründə Azərbaycan çox böyük inkişaf yolu keçib. Bu gün isə həm İran, həm Azərbaycan müstəqil dövlətlərdir, qonşudurlar və aramızda qohumluq əlaqələri var. İranda 40 milyondan artıq azərbaycanlı yaşayır. Bu da bizim üçün mühüm məsələdir. Təəssüf ki, son illərdə İran bəzi hallarda Ermənistana dəstək verib. Bu, daha çox fars-molla rejiminin siyasəti olub. Ancaq bugünkü İran Prezidenti Məsud Pezeşkianın səsləndirdiyi fikirlər doğrudan da ümidvericidir.
Azərbaycan Prezidenti də ona açıq şəkildə bildirdi ki, biz İranla münasibətlərin normallaşmasını istəyirik. Artıq strateji yaxınlaşma ilə bağlı göstərişlər verilib və bir çox sahədə mütəxəssislər üzərində işləyirlər. Hesab edirəm ki, İran Prezidentinin Azərbaycanla strateji tərəfdaşlıq barədə dedikləri çox ağıllı fikirlərdir. Əgər bunlar həyata keçərsə, gələcəkdə İran-Azərbaycan münasibətləri daha müsbət istiqamətdə inkişaf edəcək. Bizim də istəyimiz budur ki, regionda,Cənubi Qafqazda sülh və sabitlik olsun, İran qonşu ölkələr, xüsusilə də Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa davam etsin.
İranın indiki Prezidenti Məsud Pezeşkian özü də Azərbaycan kökənlidir. O, çıxışlarında tez-tez Şəhriyarın şeirlərindən, misralarından sitatlar gətirir, bu, çox gözəldir. Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlərdə də səmimiyyət hiss olunurdu. Azərbaycan Prezidentinə də beş dəfə "qardaş" deməsi də münasibətlərin daha da dərinləşəcəyindən xəbər verir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, son günlərdə İranın Bəndər-Abbas limanında baş vermiş partlayış nəticəsində xeyli tələfat olub. İran Prezidenti bu səbəbdən yaxın günlərdə yenidən Azərbaycana gələcəyini və bir neçə gün burada qalacağını bildirib. Bu da onun səmimiyyətinin göstəricisidir. Hesab edirəm ki, onun çıxışlarında səmimiyyət var, Azərbaycana və Azərbaycan xalqına məhəbbət var. Bütün bunlar Azərbaycanın son illərdə göstərdiyi inkişafın və əldə etdiyi reallıqların nəticəsidir.
Azərbaycan artıq dünya siyasi arenasında yeni bir oyunçu kimi tanınır. Azərbaycan təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa İttifaqının enerji təminatçısı kimi  öncüllərindən biridir. O, beynəlxalq məsələlərin həllində də öz töhfəsini verir. Məsələn, Rusiya-Türkiyə, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın əvəzsiz rolu olub. Hesab edirəm ki, belə bir dövrdə Azərbaycan və İran münasibətlərinin yaxşılaşması həm bu iki ölkə, həm də region ölkələri üçün faydalı olacaq. Bu səfərin hər iki ölkəyə böyük xeyir verəcəyinə inanıram".
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31