Laçına növbəti siyasi dialoq səfəri: Milli həmrəyliyin təzahürü– ÖZƏL

"Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi şəkildə müxtəlif səpgili layihələr icra edildiyi məlumdur. Görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və bu kimi digər layihələr siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət göstərir.  Azərbaycan ictimaiyyəti təqribən son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili təcrübəsi də konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Belə səfərlərin biri də dünən baş tutdu. Prezident Administrasiyasının təşkilatçılığı ilə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər Laçına səfər etdilər.
Mən indiyə qədər bu səfərlər çərçivəsində Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran və Xankəndində olmuşdum və hər səfərdə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük həcmli layhihələrə, bərpa quruculuq işlərinə şahidlik etmişdim. Laçına səfər çərçivəsində də biz Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, "Lacinema" kino mərkəzi, "Hoçazfilm" kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olduq, eləcə də "Zerti Aqro-Sənaye Parkı"nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar aldıq.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçıların qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında da məlumat verdi.
Ümumi olaraq qeyd edim ki, hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində siyasətdə konstruktiv əməkdaşlıq, dövlət naminə şəxsi ambisiyalardan imtina olunması, milli həmrəylik, habelə etibarlı münasibətlər təmin edilir. Əlamətdar və müsbət haldır ki, sözügedən səfərlər Prezident İlham Əliyevin yerlərdə yeni yaşayış məkanların rəsmi açılışlardan və Qarabağa köçmüş sakinlər ilə görüşlərdən sonra təşkil olunur. Sözügedən hal bir daha ölkəmizdə sağlam iqtidar-müxalifət münasibətlərinin mövcudluğundan xəbər verir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31