Pakistan bu vəziyyəti qətiyyən qəbul edə bilməz – ÖZƏL
17:29 Siyasət"Hindistan və Pakistan arasında baş verən son hadisələrin əsas məsuliyyəti Hindistanın üzərinə düşür. Belə ki, Kəşmir bölgəsində baş vermiş hadisədən cəmi yarım saat sonra Hindistan dərhal Pakistana qarşı terror ittihamları irəli sürdü və ona qarşı təzyiq kampaniyasına başladı".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu prosesdə maraqlı məqam ondan ibarətdir ki, Qərb ölkələrinin və mediasının böyük bir hissəsi Hindistanın mövqeyini daha çox işıqlandırmağa meyilli görünür. Pakistan isə öz növbəsində həmin terror hadisəsini pislədi və obyektiv beynəlxalq araşdırma tələb etdi. Lakin Hindistan bu mövqeyi nəzərə almadan təzyiqləri artırmağa çalışdı.
Daha da irəli gedərək, Hindistan 1960-cı ildə imzalanmış su müqaviləsindən çıxmaq niyyətini bildirdi ki, bu da faktiki olaraq müharibə şəraiti yaratmaq anlamına gəlir. Həmin müqaviləyə əsasən, tərəflərdən biri razılaşmadan birtərəfli qaydada çıxarsa, bu müharibəyə səbəb kimi dəyərləndirilə bilər. Pakistan da Hindistanın bu addımını məhz bu cür qiymətləndirir.
Hindistanın sərhəd çaylarının axarını dəyişdirməsi və Pakistana su buraxmaması, Pakistanın bir dövlət kimi mövcudluğuna ciddi təhdid yaradır. Pakistan isə bu vəziyyəti qətiyyən qəbul edə bilməz.
Bu təhlükəli gərginliyin kökləri Hindistanda artıq on ildən çoxdur hakimiyyətdə olan ultra millətçi, faşist düşüncəli rejimə dayanır. Bu rejimin başçısı Narendra Modi hakimiyyətə gəldiyi dövrdən etibarən Hindistanda islamofobiya geniş yayılıb, müsəlmanlara qarşı zorakılıq və ayrı-seçkilik artıb, onların hüquqları sistematik şəkildə pozulub.
Son dövrlərdə isə Hindistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi və bunun nəticəsində artan ictimai narazılığı azaltmaq, diqqəti yayındırmaq məqsədilə Modi hakimiyyəti bu cür fitnəkar və təxribatçı addımlar atır.
Şübhəsiz ki, Hindistan və Pakistan arasında artan bu gərginlik daha böyük bir münaqişəyə çevrilərsə, bu, yalnız region üçün deyil, bütün dünya üçün ciddi təhlükələr yarada bilər".
Zeynəb Rzayeva