Vətəndaş cəmiyyətinin fəaliyyətində yeni başlanğıc

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə siyasi plüralizmin inkişafına təkan verən sahələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Hazırda isə görülən işlər bəhrəsini verməkdədir. Belə ki, bir sıra insan hüquqları və humanitar sahələri üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar Azərbaycanda siyasi plüralizmi təmin edən elementlərin hər birinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik aktının mövcudluğunu etiraf edirlər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk növbədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna önəm verməyə başlayıb. Dövlət hesab edib ki, insanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur. Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin təmin olunması  Azərbaycanda yüksək səviyyədə təşəkkül tapıb. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, vətəndaş cəmiyyətlərinin tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur.
QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilib. Vətəndaş cəmiyyətinin inkişafında bu təşkilatların rolu olduqca böyükdür və o, üçüncü sektor kimi bütün dünyada əsas institutlardan hesab olunur. Azərbaycanda QHT-lərin sayının artması və müxtəlif istiqamətlər üzrə QHT-lərin fəaliyyət göstərməsi onu sübut edir ki, vətəndaş cəmiyyəti institutlarının inkişafı istiqamətində dövlət siyasəti tədqirəlayiqdir. Artıq vətəndaş cəmiyətlərimiz beynəlxalq aləmə inteqrasiya etməkdə iddialıdırlar. Məhz vətəndaş cəmiyyətlərinin fəaliyyəti və onların inkişafı məqsədilə həyata keçirilən islahatların nəticəsidir ki, Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı baş tutdu. Belə ki, Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirildi. Bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini-dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur. Xatırladaq ki, belə bir Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Nəhayət Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı "Bakı dönüşü"nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir. Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi,  qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrinin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. 

İki gün davam edən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı beynəlxalq konfransda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edib, qlobal diskussiyalar təşkil olunub, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi "Bandunq prinsipləri"nin əhəmiyyəti vurğulanıb. Yeri gəlmişkən qeyd edək ki, sözügedən prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.

Tədbirin əhəmiyyəti və beynəlxalq miqyası nəzərə alınaraq Prezident İlham Əliyev Qlobal Cənub ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu iştirakçılarına müraciət ünvanlayıb. 
Müraciətdə qlobal ədalət və tərəfdaşlıq çağırışı bir daha vurğulanıb: "Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik". Bu, təkcə siyasi liderlik örnəyi deyil, eyni zamanda dünyada artan qeyri-bərabərliyə qarşı real təşəbbüs irəli sürmək baxımından strateji bir addımdır. Cənub QHT Platformasının yaradılması ideyası bu gün olduqca aktualdır. Məhz Qlobal Cənub ölkələrinin daha sıx həmrəyliyə, qarşılıqlı dəstəyə və əlaqələndirilmiş fəaliyyətə ehtiyac duyduğu bir zamanda belə bir təşəbbüs, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycanın bu yöndə göstərdiyi təşəbbüskar rol, ölkəmizin beynəlxalq miqyasda məsuliyyətli və ədalətli əməkdaşlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirir. Hesab olunur ki, Qlobal Cənub QHT Platformasının əsas hədəfi - inkişaf etməkdə olan ölkələrin qeyri-hökumət təşkilatlarının səslərini daha güclü və koordinasiyalı şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq, qarşılıqlı həmrəylik və bilik paylaşımı əsasında birgə təşəbbüsləri dəstəkləməkdir. Bu platforma vasitəsilə vətəndaş cəmiyyəti institutlarının qlobal problemlərin həllində rolu daha da güclənəcək. Platformanın fəaliyyət prinsipləri qarşılıqlı sayğı, suverenlik və bərabərlik üzərində qurulmalı, məqsədi isə Qlobal Cənub ölkələrinin milli inkişaf prioritetlərinə dəstək vermək, beynəlxalq hüququn aliliyini və ədalətli dünya nizamını təşviq etmək olmalıdır. Özəlliklə insan hüquqları, iqlim dəyişiklikləri, yoxsulluğun aradan qaldırılması, sosial bərabərlik, təhsil və səhiyyə sahələrində QHT-lərin birgə layihələr həyata keçirməsi üçün münbit zəmin yaradılacaq. Sadalanan gözləntilər, eləcə də vətəndaş cəmiyyətlərinin qlobal problemlərin şözülməsi məqsədilə təşəbbüslərlə çıxış etməsi ölkədə siyasi plüralizmin təmin olunmasının göstəricisi kimi dəyərləndirilməlidir. Bu isə öz növbəsində deməyə əsas verir ki, Azərbaycanın QHT sektoru ölkənin vətəndaş cəmiyyətinin ana seqmenti kimi fəaliyyətinin miqyasını genişləndirərək müasir çağırışlara adekvat cavab verir. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31