İran: "ABŞ bizi sülhməramlı nüvə enerjisindən məhrum etmək istəyirsə, danışıqlar təhlükə altındadır"- ÖZƏL

İran öz nüvə proqramı ilə bağlı kompromisə getməyə hazırdır. Lakin əgər ABŞ Tehranın nüvə enerjisindən sülhməramlı məqsədlərlə istifadə imkanını tamamilə məhdudlaşdırmaq niyyətindədirsə, bu, iki ölkə arasındakı danışıqları ciddi şəkildə təhlükə altına ata bilər. Olaylar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai 26 may tarixində CNN televiziyasına verdiyi müsahibədə bildirib.
"Əgər məqsəd İranın nüvə proqramının hərbiləşdirilmədiyinə əmin olmaqdırsa, düşünürəm ki, bunu asanlıqla reallaşdırmaq olar. Amma məqsəd iranlıları sülhməramlı nüvə enerjisi hüququndan məhrum etməkdirsə, bu, bütün prosesi çətin vəziyyətə sala və pozucu təsir göstərə bilər", - deyə Baqai vurğulayıb.
O əlavə edib ki, siyasi iradə olduğu təqdirdə razılığa gəlmək üçün "çoxlu yollar" mövcuddur. İran rəsmisi həmçinin qeyd edib ki, ölkə heç bir xarici təzyiq qarşısında geri çəkilməyəcək.
Qeyd edək ki, ABŞ və İran arasında beşinci raund danışıqlar 23 may tarixində Romada keçirilib. Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31