Rubio Paşinyandan sonra Hakan Fidanla görüşə tələsdi – Bakı üçün kritik an

ABŞ dövlət katibi Marko Rubio bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışdıqdan bir neçə saat sonra Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu paylaşım edib.

O bildirib ki, Paşinyan telefon zəngi ilə Fidanı qabaqlamaq istəyib:

"Paşinyan Rubio ilə telefon danışığında Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı razılaşmanı müzakirə etsə də, baş nazirin dövlət katibi ilə İrəvanla Ankara arasında dialoq barədə söhbət etdiyi də istisna deyil. Türkiyə-Ermənistan sərhədi martın 31-ə qədər açıq qalacaq. Mümkündür ki, Paşinyan Rubiodan xahiş edib ki, dövlət katibi bu mövzuyla bağlı türkiyəli həmkarıyla geniş fikir mübadiləsi aparsın. Paşinyanın istəyi odur ki, Vaşinqton Ankaraya təsir edərək Türkiyə-Ermənistan sərhədinin daima əsasda açıq qalmasına nail olsun. Ankara Bakı ilə koordinasiyanı davam etdirir, bu səbəbdən sərhədin martın 31-dən sonra da açıq qalması üçün Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması vacibdir".

Qeyd edək ki, bu, Türkiyənin xarici işlər naziri Hakan Fidanın yeni administrasiya dövründə ABŞ-a ilk səfəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31