Milli ideologiya ətrafında sıx birlik dövlətimizin güc mənbələrindən biridir- ÖZƏL

"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq humanitar platforma kimi mövqeyini möhkəmləndirməklə yanaşı, multikulturalizm və sülh ideyalarının təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumun açılışında da Azərbaycanın tarixi təcrübəsini, müstəqil inkişaf yolunu və beynəlxalq münasibətlərə yanaşmasını mədəniyyətlərarası dialoq kontekstində təqdim etdi".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Bu gün dünyada mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə, siyasi sabitliyə və xalqlar arasında etimadın formalaşmasına birbaşa təsir göstərir. Azərbaycanın ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu məhz bu baxımdan əhəmiyyətli platformadır.

Forumun 100-dən artıq ölkədən 500-dən çox qonağı, ümumilikdə isə 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirməsi tədbirin beynəlxalq əhatəsini nümayiş etdirir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu platformanın 15 il ərzində davamlı şəkildə inkişafı mədəniyyətlərarası münasibətlərin müzakirəsinin zəruriliyinin göstəricisidir. Görünən budur ki, forumun çoxtərəfli əməkdaşlıq imkanları genişlənməkdədir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, tarixi və mədəni xüsusiyyətlərinin beynəlxalq dialoq üçün yaratdığı imkanlar idi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılaşdığı məkan olub. Tarixən müxtəlif mədəniyyətlərin təmas məkanı olmaq ölkəmizə fərqli ənənələri və dialoq mühitini inkişaf etdirmək imkanı verib. Cənab Prezidentin çıxışında "Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır" fikri milli kimliyin strateji əhəmiyyətini bir daha ön plana çıxardı.

Azərbaycançılıq ideologiyası müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından, milli həmrəyliyimizi təmin edən mühüm mənəvi-siyasi amillərdən biridir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu ideologiya xalqımızın tarixi köklərini, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müasir inkişaf hədəflərini vahid məfkurə ətrafında birləşdirir. Dövlət başçımızın da söylədiyi kimi, bu gün Azərbaycan cəmiyyətində milli ideologiya ətrafında sıx birlik dövlətimizin güc mənbələrindən biridir.

Prezident İlham Əliyevin çıxışında mədəniyyətlərarası dialoqla beynəlxalq hüquq arasında əlaqəyə xüsusi diqqət çəkilir. Azərbaycanın münaqişənin dinc yolla həlli üçün uzun müddət danışıqlarda iştirak etdiyi, nəticə əldə olunmadıqdan sonra isə özünümüdafiə hüququna əsaslandığı bildirildi: "Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz ədaləti bərpa etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31