Mədəniyyətlərarası dialoq təhlükəsiz və sabit dünyanın qurulması üçün mühüm şərtidir-Özəl
16:32 Siyasət"Azərbaycanın beynəlxalq nüfuzunun artması, eyni zamanda, ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyin, milli həmrəyliyin və müxtəlifliyə hörmət prinsipinin nəticəsidir. Azərbaycanda fərqli etnik və dini mənsubiyyətə malik insanların vahid cəmiyyətin bərabərhüquqlu üzvləri kimi yaşaması multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir. Bu model sübut edir ki, milli kimliyi qorumaqla yanaşı, başqa mədəniyyətlərə hörmət etmək və ümumi dəyərlər ətrafında birləşmək mümkündür. Məhz bu yanaşma ölkəmizin beynəlxalq dialoq təşəbbüslərinə verdiyi töhfəni artırır və Azərbaycanı müxtəlif sivilizasiyalar arasında etibarlı əməkdaşlıq məkanına çevirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı və qarşıdakı illərdə mühüm tədbirlərə ev sahibliyi edəcək olması da ölkəmizə göstərilən etimadın ifadəsidir. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün 2027-ci ildə, Avropa Siyasi Birliyinin Zirvə Görüşünün isə 2028-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bu faktlar Azərbaycanın fərqli coğrafiyaları, siyasi mövqeləri və mədəniyyətləri bir araya gətirmək imkanlarını nümayiş etdirir. Ölkəmizin beynəlxalq münasibətlərdə qazandığı mövqenin əsasında məhz qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və müstəqil siyasət dayanır.
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında Ermənistanla sülh prosesinə də toxunub. 2025-ci ilin avqustunda Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması baxımından mühüm hadisədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması üçün yeni imkanlar yaradıb.
Beləliklə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda vurğulanan fikirlər Azərbaycanın beynəlxalq siyasətinin əsas istiqamətlərini ortaya qoyub. Ölkəmiz öz milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, qlobal problemlərin həllində dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər forum isə bir daha təsdiqləyir ki, mədəniyyətlərarası dialoq təkcə fərqli cəmiyyətləri yaxınlaşdıran vasitə deyil, həm də daha ədalətli, təhlükəsiz və sabit dünyanın qurulmasının mühüm şərtidir".