Forum daha təhlükəsiz və dinc gələcəyin qurulmasına öz töhfəsini verəcək- ÖZƏL

"Dövlət başçısının VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı müasir dünyanın üzləşdiyi mürəkkəb çağırışlar fonunda mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha ortaya qoydu. Prezident İlham Əliyev Forumun mədəniyyətlərarası münasibətlərin inkişafı və qlobal gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından səmərəli və əhatəli platformaya çevrildiyini vurğuladı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Azərbaycanın coğrafi mövqeyi, tarixən formalaşmış multikulturalizm ənənələri və müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşaması təcrübəsi ölkəmizin bu sahədə beynəlxalq təşəbbüslərə verdiyi töhfələrin əsasını təşkil edir. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan əsrlər boyu mədəniyyətlər arasında körpü rolunu oynayıb. Bu tarixi təcrübə müasir dövrdə də ölkəmizin beynəlxalq dialoqun inkişafına yönəlmiş siyasətində öz əksini tapır.
Dünyada münaqişələrin, qarşılıqlı etimadsızlığın və qütbləşmənin artdığı bir şəraitdə dialoqun qorunması, fərqli mədəniyyətlərə və dini inanclara hörmətlə yanaşılması xüsusi əhəmiyyət daşıyır. Davamlı sülhün təmin olunması qarşılıqlı anlaşma, siyasi iradə və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında mümkündür. Bu baxımdan Azərbaycan təcrübəsi, xüsusilə ölkəmizin sülh gündəliyinə verdiyi önəm və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlar mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Bakı beynəlxalq tədbirlərin, əsas siyasi və mədəni müzakirələrin aparıldığı nüfuzlu mərkəzlərdən birinə çevrilib. 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülən Bakı Prosesi müxtəlif sivilizasiyaların nümayəndələrini ortaq məqsədlər ətrafında birləşdirən, dialoq və əməkdaşlıq imkanlarını genişləndirən mühüm beynəlxalq təşəbbüsdür.
Əminəm ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə və daha təhlükəsiz, dinc gələcəyin qurulmasına öz töhfəsini verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31